Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama
Qaxda iki məktəblinin dalaşması məktəblilər arasında aqressiv davranış, münaqişələrin həlli və uşaqların sosial mühitdə münasibətləri məsələsini yenidən gündəmə gətirir. Təhsil müəssisələrində baş verən bu cür hadisələr təkcə uşaqların fərdi davranışları ilə deyil, həm də ailə tərbiyəsi, məktəb mühiti və sosial şəbəkələrin təsiri ilə əlaqəli ola bilər. Bəs məktəblilər arasında aqressiyanın artmasına hansı amillər təsir edir və bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, aqressiv davranışın qarşısının alınması üçün əvvəlcədən düzgün pedaqoji tərbiyə üsulları seçilməli, ailədaxili münasibətlər sağlam şəkildə tənzimlənməlidir:
Aysel

“Əgər ailədə aqressiya varsa, tərəflərdən biri digərinə qarşı zorakılıq göstərirsə və ya zorakı davranış təşviq olunursa, uşağın, xüsusilə də yeniyetməlik dövründə, aqressiv davranışa meyillənməsi ehtimalı artır. Belə uşaqlar həmyaşıdlarına, dostlarına və ətrafdakı digər insanlara qarşı aqressiv münasibət göstərə, sosial davranış və ünsiyyət qaydalarına əməl etməkdə çətinlik çəkə bilərlər. Bu vəziyyəti müəyyən mənada ailədə müşahidə olunan davranış nümunələrinin uşağın psixoloji inkişafına təsiri ilə əlaqələndirmək olar. Digər tərəfdən, bir çox hallarda düzgün pedaqoji yanaşma, ictimai mühitin təsiri və sosial dəstək vasitəsilə bu davranışları dəyişmək, nizam-intizamı qorumaq mümkündür. Ən effektiv üsullardan biri hər bir uşağa və yeniyetməyə fərdi yanaşmaq, şəxsiyyətyönümlü tərbiyə metodlarından istifadə etməkdir. Bu zaman aqressiv davranışların və münaqişələrin miqyası əhəmiyyətli dərəcədə azala bilər. Münaqişələrin daha yumşaq və konstruktiv müstəviyə keçirilməsi uşaqların sağlam rəqabət, əməkdaşlıq və ünsiyyət şəraitində tərbiyə olunmasına kömək edir”.
O qeyd edib ki, təhsil müəssisələrində bu məsələlər həm idarəçilik, həm də pedaqoji baxımdan peşəkar şəkildə tənzimlənərsə, problemlərin yaranma riski əhəmiyyətli dərəcədə azalar:“Uşaqlar müxtəlif yaş dövrlərində fərqli təsirlərə məruz qala və müəyyən mərhələlərdə deviant davranışa meyillənə bilərlər. Belə davranışların qarşısının alınması isə mərhələli və sistemli müdaxilə tələb edir. Bu baxımdan, tənzimləmə mexanizmlərinin düzgün seçilməsi və həyata keçirilən tədbirlərin ardıcıl olması vacibdir. Təkcə hadisələrin mahiyyətini izah etmək deyil, həm də insanların həmin hadisələrə münasibətini dəyişmək lazımdır. İnsanlar erkən yaşlarından etibarən müəyyən davranış nümunələrini mənimsəyirlər. Uşaqlar özlərinə nümunə seçdikləri şəxslərin davranışlarını təqlid edir, bəzən onları qəhrəmanlaşdırır və həmin şəxslərin həyat tərzini mənimsəməyə çalışırlar. Məktəb də uşaq üçün əsas nümunə və təsir mənbələrindən birinə çevrilə bilər. Əgər məktəbin təsiri daha çox yaradıcı, müsbət və tərbiyəvi xarakter daşıyırsa, bu, uşağın davranışlarının formalaşmasında mühüm rol oynayır”.
Sosioloq sonda qeyd edib ki, təlim-tərbiyə prosesi ailə ilə məktəbin fəal əməkdaşlığı şəraitində həyata keçirilməlidir:“Bu əməkdaşlıqda boşluqlar yarandıqda həm ailə tərbiyəsi, həm də uşağın fərdi davranışı ilə bağlı müəyyən problemlər meydana çıxa bilər. Digər tərəfdən, sosial şəbəkələrin uşaqlara təsiri də nəzərə alınmalıdır. Bu sahədə qanunvericiliklə müəyyən məhdudiyyətlər nəzərdə tutulur və valideynlərin də müvafiq məsuliyyəti var. Valideynlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi hallarında qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri tətbiq oluna bilər. Məktəblərdə aqressiv davranışların artmasını yalnız sosial şəbəkələrin təsiri və ya ailədaxili münasibətlərlə əlaqələndirmək düzgün olmaz. Bu prosesdə sosial-iqtisadi amillər də mühüm rol oynaya bilər. Bəzən yeniyetmələr yaşıdlarından geri qalmamaq, özlərini təsdiqləmək və ətrafdakıların diqqətini cəlb etmək istəyirlər. Məsələn, bahalı əşyalara sahib olmaq arzusu və maddi imkanlar arasındakı fərq uşaqlar arasında narazılıq və ziddiyyətlər yarada bilər. Sosial təbəqələşmə də müəyyən hallarda aqressiv davranışlara zəmin hazırlayan amillərdən birinə çevrilir. Belə vəziyyətlərdə özünü təsdiq etmək istəyi mühüm rol oynayır. Maddi çətinliklər, iqtisadi amillər və psixoloji səbəblər bəzən məhz bu ehtiyac fonunda özünü göstərir. Aqressiyanın qarşısını almaq üçün həm sosial mühitdə, həm də tərbiyə sistemində mövcud yanaşmalar təkmilləşdirilməli və müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Başqa sözlə, texnologiyaların və sosial şəbəkələrin təsirini nəzərə almaqla, tərbiyə və maarifləndirmə mexanizmləri bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməlidir.
Bütün bunların fonunda tərbiyə həlledici əhəmiyyət daşıyır. Təhsil müəssisələri də şagirdlər arasında yaranan davranış problemlərinə vaxtında reaksiya verməli və qabaqlayıcı tədbirlər görməlidirlər. Belə hallar yalnız Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Quba, Xaçmaz, Lənkəran, Masallı, Lerik, Zaqatala, Şəki və Şamaxıda da baş verə bilər. Eyni zamanda, paytaxt məktəblərində də bu cür hallara rast gəlinir. Lakin ayrı-ayrı hadisələrə əsaslanaraq bütün məktəbləri aqressiv mühit kimi xarakterizə etmək və ya mövcud problemi ümumiləşdirmək düzgün yanaşma deyil. Məsələyə obyektiv yanaşmaq, aqressiv davranışların səbəblərini araşdırmaq və əldə olunan nəticələr əsasında gələcək riskləri qiymətləndirmək lazımdır. Azərbaycan məktəblərini ümumilikdə aqressiv mühit kimi qiymətləndirmək doğru deyil. Bununla belə, aqressiv meyillərin yaranmasına səbəb ola biləcək amillər mövcuddur və ilk növbədə həmin amillərin aradan qaldırılması istiqamətində iş aparılmalıdır”.