6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA
Azərbaycanda müəyyən peşə və xidmət sahələrində çalışan şəxslər üçün pensiya hesablanarkən xüsusi şərtlər tətbiq olunur. Bəzi kateqoriyalara əməkhaqqının 80 və ya 100 faizi səviyyəsində pensiya təyin edilməsi isə bu imtiyazların hansı meyarlarla müəyyənləşdirilməsi məsələsini gündəmə gətirir. Bu fərqli yanaşmanın həm sosial təminat, həm də dövlətin maliyyə öhdəlikləri baxımından əsaslandırılması maraq doğurur.
Azərbaycanda hansı şəxslər əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya ala bilərlər və bu hüquq hansı şərtlərlə müəyyən edilir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib ki, Azərbaycanda pensiya təminatının hesablanması ilə bağlı qanunvericilikdə hamıya şamil edilən 80 və ya 100 faizlik konkret qayda yoxdur:
Azərbaycanda hansı şəxslər əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya ala bilərlər və bu hüquq hansı şərtlərlə müəyyən edilir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib ki, Azərbaycanda pensiya təminatının hesablanması ilə bağlı qanunvericilikdə hamıya şamil edilən 80 və ya 100 faizlik konkret qayda yoxdur:
“Bu yanaşma yalnız müəyyən xüsusi imtiyazlı kateqoriyalara, xüsusi peşə və xidmət sahələrində çalışmış şəxslərə münasibətdə tətbiq edilir. Məsələn, ağır iş şəraitində çalışanlar, hərbi qulluqçular və hərbi xidmətdən pensiyaya çıxan şəxslər üçün xüsusi pensiya təminatı mexanizmləri mövcuddur. Eyni zamanda, neft-qaz sənayesində çalışan və müəyyən xidmət müddətinə görə güzəştli şərtlərlə pensiyaya çıxan şəxslər də bu kateqoriyaya aid edilə bilər. Belə hallarda pensiya təminatı şəxsin son əməkhaqqının 80 və ya 100 faizi həcmində müəyyənləşdirilə bilər. Başqa sözlə, həmin şəxslərin pensiya məbləği son əməkhaqlarının müəyyən hissəsinin saxlanılması prinsipi əsasında hesablanır. Məsələyə sosial ədalətlilik prinsipi baxımından yanaşsaq, hesab edirəm ki, bu prinsip qorunmalıdır. Xüsusi imtiyazlı peşə sahiblərinin yüksək pensiya təminatı ilə yanaşı, digər sahələrdə çalışan vətəndaşların da layiqli pensiya alması təmin edilməlidir. Pensiya məbləği insanların maddi vəziyyətini, sosial imkanlarını və normal yaşayış şəraitini təmin edə biləcək səviyyədə olmalıdır. Pensiyaların həddindən artıq aşağı məbləğlərə endirilməsi sosial ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər”.
O qeyd edib ki, Milli Məclisin sabiq deputatları deputatlıq fəaliyyətinə görə müəyyən edilmiş qaydada son əməkhaqlarının 80 faizi həcmində pensiya ala bilirlər:“Hazırkı şəraitdə deputatın əməkhaqqının 7-8 min manat olduğunu nəzərə alsaq, bu məbləğin 80 faizi təxminən 5 600-6 400 manat təşkil edir. Digər tərəfdən, bəzi vətəndaşların 100-200 manat civarında pensiya alması ciddi sosial fərq yaradır və ədalətlilik balansını pozur. Təbii ki, xüsusi kateqoriyalara aid şəxslərə tətbiq olunan güzəştlərlə digər vətəndaşların pensiya təminatı arasındakı fərq də nəzərə alınmalıdır. Bu cür disbalans cəmiyyətdə haqlı suallar və narazılıq doğurur. İnsanlar haqlı olaraq soruşurlar ki, nə üçün eyni ölkənin vətəndaşları arasında pensiya təminatında bu qədər böyük fərq mövcuddur? Nəticə etibarilə, hər bir vətəndaşın sosial təminat hüququ var. Bununla yanaşı, xüsusi xidmətləri və ağır əmək şəraiti olan şəxslərin güzəştli pensiya alması da təqdirəlayiqdir. Çünki həmin insanlar ağır şəraitdə çalışıb, hərbi xidmətdə olublar, Vətən uğrunda mübarizə aparıb, həyatlarını təhlükəyə atıblar. Onların son əməkhaqlarının 80 faizi həcmində pensiya alması müəyyən mənada əməyin və xidmətin qiymətləndirilməsidir. Lakin digər vətəndaşların da layiqli pensiya təminatı məsələsi diqqətdən kənarda qalmamalıdır”.
