Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA

29.10.2026 13:24 768
Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən televiziya çəkiliş qrupunun hücuma məruz qalması cəmiyyətdə aqressiya, ictimai davranış və media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirir. Hadisənin təhsil müəssisəsinin ərazisində baş verməsi isə məktəb mühitində sosial məsuliyyət və davranış normaları ilə bağlı suallar yaradır.

Məktəblilər niyə getdikcə azğınlaşır? Təhsil sistemində olan boşluqlar haradadır?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az
-a bildirib ki, həmin məktəbdə yeddinci sinif şagirdinin həyatını itirməsi olduqca ağrılı və faciəli hadisədir:
“Bu yaşda bir uşağın hansı səbəbdən həyatını itirməsi ciddi araşdırılmalı olan məsələdir. Təbii ki, bu məsələdə jurnalist araşdırması da vacibdir. Jurnalistlərin vəzifəsi hadisənin təfərrüatlarını öyrənmək, onun hansı səbəbdən baş verdiyini araşdırmaq və cəmiyyəti məlumatlandırmaqdır. Hadisənin təhsil müəssisəsində baş verməsini nəzərə alsaq, bu prosesdə bütün tərəflərin həssas məqamlara maksimum diqqətlə yanaşması vacibdir. Bu məsələdə hər kəs həssas davranmalıdır. Jurnalistlər də öz növbəsində suallarını verərkən qarşı tərəfin həssaslığını nəzərə almalı, müsahiblərdə əlavə gərginlik yaratmamağa çalışmalıdırlar. Bununla belə, bütün tərəflərdən təmkin, səbir və qarşılıqlı anlayış tələb olunur ki, hadisənin mahiyyəti obyektiv şəkildə araşdırılsın və tərəflər arasında əlavə qarşıdurma yaranmasın. Dünən baş verən və jurnalistlərə qarşı zorakılığın tətbiqi ilə nəticələnən hadisə isə, xüsusilə təhsil müəssisəsi ərazisində baş verməsi baxımından, qəbuledilməzdir”.
O qeyd edib ki, hadisədə şagirdlər birbaşa iştirak etməyiblər:
“Məktəbin ərazisində olan bəzi şəxslər kənar fikirlərin təsiri altında bu addımı atıblar. Əgər səhv etmirəmsə, şagirdlərdən biri də hadisəyə müdaxilə edib. Lakin bütün hallarda jurnalistlərə qarşı zorakılığa yol verilməsi yolverilməzdir. Təhsil sistemindəki boşluqlardan danışarkən mən hər zaman bir məqamı vurğulayıram: məktəblərdə kişi müəllimlərin və kişi rəhbər kadrların sayının artırılmasına ehtiyac var. Hazırda məktəb direktorlarının əksəriyyətinin qadınlar olduğunu müşahidə edirik. Bu fikri səsləndirməkdə məqsədim qadın müəllimləri və ya məktəb rəhbərlərini tənqid etmək deyil. Sadəcə, hesab edirəm ki, yeniyetmələr bəzi hallarda kişi müəllimlərin və rəhbərlərin tələbkarlığına daha ciddi yanaşa bilirlər. Qadın müəllimlər də məsələlərə bəzən analıq hissi və qayğı ilə yanaşırlar. Buna görə də məktəblərdə kişi müəllimlərin və rəhbər şəxslərin iştirakının artırılması məsələsinə diqqət yetirilməlidir. Burada idarəetmə ilə bağlı problemlər də ola bilər. Bildiyim qədərilə, həmin məktəbin direktoru yoxdur və vəzifəni müvəqqəti icra edən şəxs fəaliyyət göstərir. Əgər bu məlumat doğrudursa, məktəbdə idarəetmənin təşkili və məsuliyyət bölgüsü də ayrıca qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, məktəblilərin bu cür davranışları isə heç bir halda qəbul edilə bilməz:
“Biz uzun illərdir kriminal həyat tərzinin təbliği, kriminal məzmunlu musiqilər və kriminal aləmin nüfuzlu şəxslərinin qəhrəmanlaşdırılması kimi məsələləri gündəmə gətiririk. Görünən odur ki, bu cür məzmunlar uşaqların düşüncəsinə və davranışlarına mənfi təsir göstərə bilir. Valideyn nəzarətinin zəif olması da belə halların yaranmasına zəmin yaradan amillərdən biri ola bilər. Valideynlər övladlarının zərərli vərdişlərdən uzaq durmasına və düzgün istiqamətdə inkişaf etməsinə bilavasitə dəstək olmalıdırlar. Uşaqların internetdə hansı məzmunları izlədiyinə, hansı musiqiləri dinlədiyinə və hansı şəxsləri özlərinə nümunə seçdiyinə diqqət yetirilməlidir. Bu məsələdə valideyn məsuliyyəti mühüm əhəmiyyət daşıyır. Məqsəd uşaqların həyatına həddindən artıq müdaxilə etmək deyil, onların sağlam düşüncə tərzi formalaşdırmasına, düzgün dəyərlərlə böyüməsinə və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə kömək etməkdir”.

Son xəbərlər