Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ
Azərbaycanda qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin olub-olmaması yoxlanılır. Lakin bu mexanizmin tətbiqi bəzi vətəndaşlar üçün gözlənilməz çətinliklər yaradıb.
Redaksiyamıza müraciət edən Gülbəs Həsənova və Osman Məmmədzadənin sözlərinə görə, nikahlarını rəsmiləşdirmək üçün ASAN xidmətə müraciət etdikdə onlardan valideynlərinin doğum haqqında şəhadətnamələri tələb olunub. Ancaq hər kəsin bu sənədləri əldə etmək imkanı yoxdur.
Müraciətçilərdən biri valideynlərinin Gürcüstan vətəndaşı olduğunu, hər ikisinin dünyasını dəyişdiyini və buna görə sənədləri əldə etməkdə çətinlik çəkdiyini bildirib. Digər vətəndaş isə valideynlərinin Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən olduğunu, onların doğum haqqında sənədlərinin orada qaldığını və hazırda həmin sənədlərin tapılmasının mümkün olmadığını qeyd edib.
Belə vəziyyətlərdə vətəndaşlar nə etməlidir? Valideynlərin vəfat etməsi, sənədlərin xarici ölkədə qalması və ya itirilməsi nikahın rəsmiləşdirilməsinə maneə yarada bilərmi? Dövlət informasiya sistemində məlumat tapılmadıqda alternativ yoxlama mexanizmi mövcuddurmu?
Qohum nikahlarının qarşısının alınması məqsədilə tətbiq edilən qaydalar vətəndaşların hüquqlarını məhdudlaşdırmadan necə həyata keçirilməlidir?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran vəkil-hüquqşünas Ruslan Mustafazadə bildirib:
"Bəli, bildiyimiz kimi, Azərbaycan Respublikasında 2025-ci il, iyulun 1-dən qüvvəyə minmiş qaydalara görə, qohum nikahları qadağan edilib. Qanun layihəsi müzakirə olunanda kifayət qədər ziddiyyətlərin olması müşahidə olunurdu. Və bu ziddiyyətlərdən biri də əlbəttə ki, həmin qohumluq əlaqələrinin yoxlanılması ilə bağlı səbəbdir".
Hüquqşünas əlavə edib ki, qanun qüvvəyə mindikdən sonra artıq praktikada müəyyən çətinliklər yaşanır. Vətəndaşlar nikahlarını rəsmi qeydiyyata alan zaman qohumluq əlaqələrinin yoxlanılması üçün müəyyən sənədlər tələb olunur. Bu sənədlərə əsasən valideynlərin doğum haqqında şəhadətnamələri tələb olunur ki, həmin sənəd vasitəsilə şəxslərin qohumluq əlaqələri araşdırılır.
Ruslan Mustafazadənin sözlərinə görə, bəzi hallarda təəssüflər olsun ki, nikaha daxil olmaq istəyən şəxslər öz valideynlərinin doğum haqqında şəhadətnamələrini təqdim etmək imkanında deyillər. Belə ki, məcburi köçkünlər, qaçqınlar bu günə qədər həmin sənədləri - vərəsəliklə və yaxud digər prosedurlarla bağlı təqdim edən zaman çətinliklə üzləşirdilər. Çünki qaçqınlar və məcburi köçkünlərin sənədləri həmin ərazilərdə qalmışdı. Sonradan həmin sənədlərin bərpa edilməsi də kifayət qədər çətin bir prosesə dönmüşdü.
Vəkil qeyd edib ki, həmin dövrlərdə əsasən istifadə olunan mexanizmlərdən biri məhkəmə proseduru idi. Şəxslər öz valideynlərinin doğum haqqında və ya ölüm haqqında sənədinin əldə edilməsi üçün faktın tanınması ilə bağlı məhkəməyə müraciət edirdilər. Məhkəmə isə çox uzun-uzadı olmadan, araşdırma apararaq həmin faktların doğrudan da olmasını təsdiq edərək, bu istiqamətdə qərarlar qəbul edirdilər.
Mütəxəssisin fikrincə, hal-hazırda bu istiqamətdə çətinlik çəkən şəxslər yalnız məhkəmə qaydasında həmin sənədləri bərpa edə bilərlər. Sual yarana bilər ki, vətəndaşların belə bir çətinliyə düşməyə ehtiyac vardımı? Təəssüflər olsun ki, qohumluq əlaqələrinin yoxlanılması üçün indiki mexanizmlərdən sadəcə olaraq bu işləkdir. Artıq gələcəkdə vətəndaşların əksəriyyəti ilə bağlı elektron sistem mövcud olacaq. Məsələn, Gəncədə həmin elektron sistemə daxil olmaqla, Sumqayıtda əldə edilmiş sənədləri həmin elektron sistemdə görmək mümkün olacaq.
İllər öncə alınan doğum və ölüm şəhadətnamələri bu gün elektron sistemdə olmadığına görə, kağız şəklində təqdim edilməsindən bəhs edən hüquqşünas sonda vurğulayıb:
"Kağız şəklində təqdim etmək imkanı olmadığı təqdirdə, həmin sənəd mövcud olmadığı halda və arxivdən əldə etmək mümük olmadıqda mütləq şəkildə məhkəməyə müraciət edilməlidir. Belə olan halda, məhkəmə həmin faktı tanıyır. Və həmin şəxslərə ölüm, doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qərar qəbul edir".
Dəniz Pənahova
Median.Az
Redaksiyamıza müraciət edən Gülbəs Həsənova və Osman Məmmədzadənin sözlərinə görə, nikahlarını rəsmiləşdirmək üçün ASAN xidmətə müraciət etdikdə onlardan valideynlərinin doğum haqqında şəhadətnamələri tələb olunub. Ancaq hər kəsin bu sənədləri əldə etmək imkanı yoxdur.
Müraciətçilərdən biri valideynlərinin Gürcüstan vətəndaşı olduğunu, hər ikisinin dünyasını dəyişdiyini və buna görə sənədləri əldə etməkdə çətinlik çəkdiyini bildirib. Digər vətəndaş isə valideynlərinin Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən olduğunu, onların doğum haqqında sənədlərinin orada qaldığını və hazırda həmin sənədlərin tapılmasının mümkün olmadığını qeyd edib.
Belə vəziyyətlərdə vətəndaşlar nə etməlidir? Valideynlərin vəfat etməsi, sənədlərin xarici ölkədə qalması və ya itirilməsi nikahın rəsmiləşdirilməsinə maneə yarada bilərmi? Dövlət informasiya sistemində məlumat tapılmadıqda alternativ yoxlama mexanizmi mövcuddurmu?
Qohum nikahlarının qarşısının alınması məqsədilə tətbiq edilən qaydalar vətəndaşların hüquqlarını məhdudlaşdırmadan necə həyata keçirilməlidir?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran vəkil-hüquqşünas Ruslan Mustafazadə bildirib:"Bəli, bildiyimiz kimi, Azərbaycan Respublikasında 2025-ci il, iyulun 1-dən qüvvəyə minmiş qaydalara görə, qohum nikahları qadağan edilib. Qanun layihəsi müzakirə olunanda kifayət qədər ziddiyyətlərin olması müşahidə olunurdu. Və bu ziddiyyətlərdən biri də əlbəttə ki, həmin qohumluq əlaqələrinin yoxlanılması ilə bağlı səbəbdir".