Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır?
Azərbaycanda qarajların satış və icarə qiymətlərində kəskin artım müşahidə olunur. 2026-cı ilin oktyabr ayında qarajların satış qiyməti sentyabr ayı ilə müqayisədə 16,7 faiz, icarə haqqı isə 20 faiz yüksəlib. Median satış qiyməti 33 min manat, aylıq icarə haqqı isə 200 manat təşkil edib. Bəs qaraj bazarında qiymət artımının əsas səbəbləri nədir? Bu tendensiya davamlı xarakter daşıyır, yoxsa mövsümi və lokal amillərlə bağlıdır?
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a açıqlamasında qeyd edib ki, qarajların satış və icarə qiymətlərində müşahidə olunan artımın əsas səbəblərindən biri şəhərlərdə avtomobillərin sayının sürətlə çoxalması, parklanma yerlərinin isə bu artıma uyğun genişlənməməsidir:
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a açıqlamasında qeyd edib ki, qarajların satış və icarə qiymətlərində müşahidə olunan artımın əsas səbəblərindən biri şəhərlərdə avtomobillərin sayının sürətlə çoxalması, parklanma yerlərinin isə bu artıma uyğun genişlənməməsidir:
“Xüsusilə Bakı şəhərində avtomobillərin sıxlığı artdıqca sürücülər üçün avtomobili təhlükəsiz və daimi saxlamaq ciddi problemə çevrilir. Bu da qarajlara olan tələbatı artırır. Digər mühüm məqam şəhərsalma və parklanma infrastrukturu ilə bağlıdır. Yeni tikilən yaşayış binalarının bir çoxunda avtomobillər üçün nəzərdə tutulan parklanma yerləri ya kifayət etmir, ya da həmin yerlərin satış və icarə qiymətləri sakinlər üçün əlçatan olmur. Nəticədə insanlar alternativ olaraq fərdi qarajlara üz tuturlar. Xüsusilə mərkəzi ərazilərdə, köhnə yaşayış massivlərində və avtomobil saxlamaq imkanının məhdud olduğu məhəllələrdə qaraj daha qiymətli əmlaka çevrilir. Burada təklif amilini də nəzərə almaq lazımdır. Qaraj torpaq sahəsi baxımından məhdud resursdur. Yeni yaşayış binaları tikildikcə əvvəlki qaraj massivlərinin bir hissəsi sökülür, onların yerində başqa təyinatlı obyektlər inşa olunur. Yəni bir tərəfdən avtomobillərin sayı artır, digər tərəfdən isə mövcud qarajların sayı azalır. Bu disbalans qiymətlərə birbaşa təsir göstərir. Satış qiymətlərinin artması ilə yanaşı, icarə haqlarının da yüksəlməsi onu göstərir ki, bazarda yalnız investisiya məqsədli alış deyil, gündəlik istifadə üçün də real tələbat mövcuddur. İnsanlar avtomobillərini küçədə saxlamaq, cərimə riski ilə üzləşmək və ya hər gün parklanma yeri axtarmaq əvəzinə aylıq ödəniş etməyə üstünlük verirlər”.
O qeyd edib ki, lakin bir ay ərzində satış qiymətinin 16,7 faiz, icarə haqqının isə 20 faiz artmasını uzunmüddətli və ümumi bazar tendensiyası kimi qiymətləndirmək düzgün olmazdı:“Burada ayrı-ayrı ərazilərdə təklifin azalması, konkret qarajlara tələbatın yüksəlməsi və bazarda baş verən lokal qiymət dəyişiklikləri də rol oynaya bilər. Median göstəricilər də bazarın bütün seqmentlərində eyni artımın baş verdiyini ifadə etmir. Bu tendensiyanın davamlılığı birbaşa şəhərlərdə parklanma probleminin nə dərəcədə həll olunmasından asılı olacaq. Əgər avtomobillərin sayı artmaqda davam edərsə, yeraltı və yerüstü parkinqlərin sayı tələbatı qarşılamazsa, qarajlara maraq və qiymətlər üzərindəki təzyiq də qalacaq. Bunun qarşısını almaq üçün yeni yaşayış və ictimai binaların layihələndirilməsi zamanı parklanma məsələsinə daha ciddi yanaşılmalı, çoxmərtəbəli parkinqlərin yaradılması və mövcud parklanma infrastrukturunun genişləndirilməsi istiqamətində addımlar atılmalıdır. Çünki məsələ təkcə qarajların bahalaşması deyil, şəhərdə avtomobil saxlamaq imkanının getdikcə daha baha və məhdud resursa çevrilməsidir”.
