Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək?

04.11.2026 19:26 477
Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək?
“Mərkəzi Bankın kredit risklərinin idarə olunması və borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul etdiyi yeni tələblər bank sektorunda kreditləşmə siyasətinə müəyyən təsirlər göstərəcək. Bu dəyişikliklərin birbaşa məqsədi kredit risklərinin daha dəqiq qiymətləndirilməsi, borcalanların real maliyyə imkanlarının nəzərə alınması və bankların problemli kreditlərlə bağlı risklərinin azaldılmasıdır. Dəyişikliklərin vətəndaşlara təsirinə gəldikdə isə hesab edirəm ki, müəyyən kateqoriyadan olan şəxslər üçün kredit əldə etmək əvvəlki dövrlə müqayisədə çətinləşə bilər. Xüsusilə gəlirləri rəsmi sənədlərlə təsdiqlənməyən, qeyri-formal sektorda çalışan və ya müxtəlif mənbələrdən gəlir əldə etsə də, bunu sənədləşdirə bilməyən şəxslər daha ciddi qiymətləndirmə ilə üzləşəcəklər”.

Bunu AQC sədrinin müşaviri, iqtisadçı ekspert Asif İbrahimov Median.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tələblərə əsasən, borcalanın gəlirləri əməkhaqqı, pensiya, müavinət, təqaüd, depozit faizləri və digər müvafiq sənədlər, yaxud dövlət informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında müəyyən edilə bilirsə, bank həmin şəxs üzrə davranış modeli vasitəsilə proqnozlaşdırılan gəlirdən istifadə edə bilməyəcək:
Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək?“Bu, kredit qərarlarının təsdiqlənmiş gəlir məlumatlarına əsaslanmasını gücləndirir. Burada diqqət yetirilməli məqam odur ki, davranış modeli əsasında gəlirin proqnozlaşdırılması imkanının məhdudlaşdırılması bütün rəsmi gəliri olmayan şəxslərin kredit ala bilməyəcəyi anlamına gəlmir. Əgər şəxsin gəliri rəsmi mənbələrdən müəyyən edilə bilmirsə, davranış modellərinin tətbiqi imkanları tam aradan qalxmır. Lakin bu halda da bankın daxili risk siyasəti, kredit tarixçəsi, mövcud borc öhdəlikləri və digər meyarlar həlledici rol oynayacaq. Zaminlik mexanizminə dair yeni 70 faizlik məhdudiyyət də kredit bazarına təsir göstərəcək. İstehlak krediti üzrə zaminin borcunun gəlirə nisbəti 70 faizdən artıq olmamalıdır. Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun mövcud kreditləri üzrə aylıq ödənişlərinin ümumi məbləği 700 manatı keçməməlidir. Bu yanaşma yüksək borc yükü olan şəxslərin əlavə kreditlərə zamin durması imkanlarını məhdudlaşdıracaq. Nəticədə əvvəllər zamin hesabına kredit əldə edə bilən bəzi vətəndaşlar alternativ təminat axtarmaq məcburiyyətində qala bilərlər. Nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlarla bağlı dəyişikliklər də diqqətəlayiqdir. Banklar həmin sahibkarların nisyə satış portfelinin həcmini və alıcılarının sayını kredit bürolarına təqdim edilən məlumatlarla müqayisə edəcəklər. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olduqda müvafiq kredit aktivinin qeyri-qənaətbəxş təsnifləşdirilməsi nəzərdə tutulur. Bu tələb nisyə satış bazarında şəffaflığın artırılmasına, dövriyyənin və real borc öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edə bilər”

O qeyd edib ki, yeni tələblər bankların kredit siyasətində daha konservativ yanaşmanın formalaşmasına səbəb olacaq:
“Banklar kredit verərkən yalnız müştərinin əvvəlki ödəniş davranışına deyil, onun real və sənədləşdirilmiş gəlirlərinə, mövcud borc yükünə və maliyyə dayanıqlılığına daha çox diqqət yetirəcəklər. Bu isə müəyyən hallarda kredit müraciətlərinin rədd edilməsi, kredit məbləğlərinin aşağı salınması və zamin tapmaq imkanlarının məhdudlaşması ilə nəticələnə bilər. Bu dəyişikliklərin bank sektorunun uzunmüddətli dayanıqlılığı baxımından müsbət tərəfləri də var. Ödəmə qabiliyyəti düzgün qiymətləndirilməyən şəxslərə həddindən artıq kredit verilməsi sonradan həm banklar, həm də vətəndaşlar üçün ciddi maliyyə problemləri yaradır. Problemli kreditlərin artması bankların resurslarının səmərəliliyinə, kapitalına və gələcək kreditləşmə imkanlarına mənfi təsir göstərir. Amma burada sosial-iqtisadi reallıqları da nəzərə almaq lazımdır. Azərbaycanda əhalinin müəyyən hissəsi əməkhaqqını rəsmi sənədləşdirmədən, fərdi sahibkarlıqdan, xidmət göstərilməsindən, mövsümi fəaliyyətdən və digər mənbələrdən gəlir əldə edir. Bu insanların faktiki ödəmə qabiliyyəti ola bilər, lakin gəlirlərinin sənədləşdirilməsi imkanları məhdud qala bilər. Belə şəxslərin kredit bazarından kənarda qalması maliyyə inklüzivliyi baxımından arzuolunan nəticə deyil. Bu səbəbdən banklar və tənzimləyici qurumlar gəlirlərin qiymətləndirilməsi üçün alternativ və etibarlı mexanizmlərin inkişafına diqqət yetirməlidirlər. Məsələn, bank hesablarına daxilolmaların dinamikası, sahibkarlıq fəaliyyətindən əldə edilən dövriyyə, vergi məlumatları, elektron ödənişlər və digər təsdiqlənə bilən maliyyə göstəriciləri şəxsin real ödəmə qabiliyyətinin müəyyən edilməsində nəzərə alına bilər. Əlbəttə, bu məlumatların gəlir kimi qəbul edilməsi müvafiq metodologiya və risk meyarları ilə tənzimlənməlidir”.

Ekspert sonda deyib ki, kreditə çıxış imkanlarının məhdudlaşdırılması əhalinin maliyyə savadlılığının və məsuliyyətli borclanma mədəniyyətinin artırılması ilə paralel aparılmalıdır:
“Banklar kredit satışı zamanı müştərilərin gələcək ödəniş imkanlarını real qiymətləndirməli, vətəndaşlar isə yalnız kredit əldə etmək imkanına deyil, həmin borcun uzunmüddətli maliyyə yükünə də diqqət yetirməlidirlər. Ümumilikdə isə yeni qaydaların kredit bazarında müəyyən sərtləşmə yaradacağını düşünürəm. Xüsusilə qeyri-formal gəlirləri olan vətəndaşlar üçün kredit əldə etmək daha mürəkkəb ola bilər. Bununla yanaşı, düzgün tətbiq ediləcəyi təqdirdə, bu dəyişikliklər kredit portfellərinin keyfiyyətinin yaxşılaşmasına, problemli borcların azalmasına və bank sistemində maliyyə sabitliyinin güclənməsinə töhfə verə bilər. Vacib olan odur ki, risklərin azaldılması prosesi iqtisadi fəallığı və əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını əsassız şəkildə məhdudlaşdırmasın”.

Son xəbərlər