Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT
Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması nəzərdə tutulur. Bu artım ailələrə göstərilən sosial dəstəyin gücləndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu qərarın doğum səviyyəsinə, ailələrin sosial vəziyyətinə və cəmiyyətdə demoqrafik proseslərə təsirinin necə olacağı da maraq doğurur.
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, bu təşəbbüsü kifayət qədər mütərəqqi və müsbət addım kimi qiymətləndirmək olar:
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, bu təşəbbüsü kifayət qədər mütərəqqi və müsbət addım kimi qiymətləndirmək olar:
“Dünyaya gələn uşağa görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması müəyyən fərq yarada biləcək qərardır. Lakin bu addım mövcud problemi tam həll etmir. Hər bir uşaq dünyaya gəldikdə dövlət onun üçün müəyyən vəsait ayırmalıdır. Bu, uşaq müavinəti və ya uşaq pulu formasında həyata keçirilə bilər. İstənilən halda dövlət valideynlərin obyektiv və subyektiv səbəblərdən lazımi imkanlara malik olmadığı hallarda öz vətəndaşına dəstək göstərməyi bacarmalıdır. İnkişaf etmiş Qərb ölkələrində, o cümlədən Almaniyada, Avstriyada və Amerika Birləşmiş Ştatlarında uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Onların hüquqları qorunur, zəruri hallarda valideyn zorakılığından müdafiəsi təmin edilir. Sağlam vətəndaşın yetişdirilməsi, düzgün tərbiyə və sağlam inkişaf modeli mütərəqqi cəmiyyətlərin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan ailələrə göstərilən sosial dəstəyin gücləndirilməsi vacibdir. Lakin daha geniş sosial dəstək uşaqların himayəsi, sağlamlığı, tərbiyəsi və təhsili ilə bağlı kompleks tədbirləri əhatə etməlidir. Buraya ailələrə və uşaqlara xüsusi vəsaitlərin ayrılması, uşaq fondunun yaradılması, həmin fondun vəsaitlərinin peşəkar şəkildə idarə olunması və gələcəkdə uşaqların ehtiyaclarına uyğun müavinətlərin və digər ödənişlərin həyata keçirilməsi daxil ola bilər. Təəssüf ki, bu məsələ uzun müddətdir müzakirə olunsa da, sona qədər həllini tapmayıb”.
O qeyd edib ki, bu da cəmiyyətdə ciddi narazılıq yaradan məsələlərdən biridir:“Bəzən qanunvericilik orqanının bəzi nümayəndələrinin səsləndirdiyi fikirlər də haqlı narazılığa səbəb olur. Məsələn, bəzi millət vəkillərinin uşaq pulunun yalnız uşaqların dünyaya gəlmədiyi ölkələrdə verilməsi ilə bağlı fikirləri səsləndirməsi qəbuledilməz yanaşmadır. Bu cür ifadələr millət vəkilinin statusuna və ictimai məsuliyyətinə uyğun deyil. Uşaqların gələcəyi ilə bağlı təminatların yetərli olmaması demoqrafik vəziyyətə də təsir göstərir. Valideynlər övladlarının gələcəyinə dair lazımi təminat görmədikdə, ən yaxşı halda bir və ya iki uşaq sahibi olmaqla kifayətlənirlər. Gənclər isə ailə qurmaq qərarını təxirə salmağı məqsədəuyğun hesab edə bilirlər. Təbii ki, bu prosesə ailələrin sosial vəziyyəti, iş və təhsil imkanları, şəxsi hədəfləri və digər amillər də təsir göstərir. Bununla belə, demoqrafik artımı stimullaşdırmaq üçün çoxuşaqlı ailələri dəstəkləyən proqramların tətbiqi vacibdir. Belə proqramlar mövcud olsa da, onların həyata keçirilməsində müəyyən boşluqlar və çatışmazlıqlar qalır. Əsas problem ondan ibarətdir ki, dünyaya gələn hər bir uşağın vətəndaş kimi müdafiəsi və təminatı üçün konkret, sistemli mexanizm formalaşdırılmayıb. Bu mexanizm mütləq olmalıdır. Uşaq pulu ayrıca formada tətbiq edilməsə belə, dövlət uşağın ailənin sosial vəziyyətindən və mənzil şəraitindən asılı olmayaraq, onun əsas ehtiyaclarının qarşılanmasına dəstək göstərməlidir. Bu dəstək məqsədli və sistemli xarakter daşımalıdır”.
