Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI
Son dövrlər Abşeron rayonunun Saray qəsəbəsində yerləşən yaşayış komplekslərində və yeni tikili binalarda mənzil qiymətləri diqqət çəkir. Elan platformalarında yayımlanan təkliflər arasında 38 min manatdan başlayan mənzillərə rast gəlinir. Bəzi mənzillərin qiymətinin əvvəlki dövrlərlə müqayisədə aşağı olması daşınmaz əmlak bazarında ucuzlaşmanın səbəbləri ilə bağlı suallar yaradır. Tikinti sektorunda təkliflərin artması, alıcılıq qabiliyyəti və mənzillərə tələbatın səviyyəsi qiymətlərə təsir edən amillər sırasında ola bilər. Bəs Saray qəsəbəsində mənzillərin ucuzlaşması hansı səbəblərlə bağlıdır və bu tendensiya yaxın dövrdə davam edə bilərmi?
Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Median.Az-a bildirib ki, 2023-cü il oktyabrın 1-dən çıxarışı olmayan fərdi yaşayış evlərinə təbii qaz, elektrik enerjisi və su təchizatının verilməsi, eləcə də həmin evlərdə qeydiyyata düşmək imkanlarının məhdudlaşdırılması bu əmlakların bazar dəyərinə təsir göstərib:
Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Median.Az-a bildirib ki, 2023-cü il oktyabrın 1-dən çıxarışı olmayan fərdi yaşayış evlərinə təbii qaz, elektrik enerjisi və su təchizatının verilməsi, eləcə də həmin evlərdə qeydiyyata düşmək imkanlarının məhdudlaşdırılması bu əmlakların bazar dəyərinə təsir göstərib:
“Belə ki, həmin tarixdən etibarən Abşeron rayonu, Saray qəsəbəsi, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə çıxarışı olmayan həyət evlərinin və torpaq sahələrinin qiymətlərində tədricən ucuzlaşma müşahidə olunur. Bunun əsas səbəbi sözügedən əmlakların hüquqi sənədlərinin olmaması, kommunal xidmətlərə qoşulma ilə bağlı çətinliklər və qeydiyyat məsələsidir. Bu amillər alıcıların sənədsiz evlərə marağını əhəmiyyətli dərəcədə azaldıb. Nəticədə ev sahibləri real alıcı tapa bilmədikləri üçün əmlaklarını bəzən maya dəyərinə, hətta ondan xeyli aşağı qiymətə satışa çıxarmağa məcbur olurlar. Digər tərəfdən, çıxarışı olmayan evlərin gələcək hüquqi taleyinin qeyri-müəyyən qalması da alıcılar üçün əlavə risk yaradır. Vətəndaşlar bu cür əmlakları əldə edərkən mümkün problemləri nəzərə alır və daha çox sənədləri qaydasında olan evlərə üstünlük verirlər. Bu isə zaman keçdikcə sənədsiz evlərə və torpaq sahələrinə tələbatın azalmasına səbəb olur”.
O qeyd edib ki, əmlak bazarında qiymətlər əsasən tələb və təklif prinsipi əsasında formalaşır:“Tələbat yüksək olduqda qiymətlər artır, alıcıların sayı azaldıqda isə satıcılar müştəri cəlb etmək üçün qiymətləri aşağı salmağa çalışırlar. Sənədsiz evlərin satışında da məhz bu proses müşahidə olunur. Satıcılar arasında yaranan rəqabət qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxarır. Saray qəsəbəsinə gəldikdə isə, bu prosesi yalnız həmin ərazi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Oxşar vəziyyət Bakıətrafı digər yaşayış məntəqələrində də müşahidə edilə bilər. Burada əsas məsələ alıcı tələbatının səviyyəsi və satışa çıxarılan əmlakların sayıdır. Satıcı real alıcı tapa bilmədikdə qiyməti aşağı salmaqla əmlakını satmağa çalışır. Nəticədə bazarda qiymətlər tədricən ucuzlaşır”.
