Qaranlıq kapitaldan separatçılığa uzanan yol - Ruben Vardanyan kimdir?
Müasir siyasətin və qlobal maliyyə fırıldaqlarının ən qaranlıq künclərində özünə yer eləmiş Ruben Vardanyan obrazı, sadəcə bir xeyriyyəçi və ya biznesmen maskası geyinmiş fırıldaqçı deyil, həm də Cənubi Qafqazın qan yaddaşına yazılmış böyük bir fəlakətin ideoloji və maliyyə sponsorudur.
Beynəlxalq araşdırmaçı jurnalistlərin ifşa etdiyi milyardlarla dollarlıq çirkli pulların yuyulması sxemləri Vardanyanın əsl kimliyini bütün dünyaya nümayiş etdirdi. Ofşor zonalar üzərindən həyata keçirilən bu maliyyə hoqqabazlıqları, qanunsuz kapital dövriyyəsi və kölgə iqtisadiyyatının zirvəsi onun "sivil iş adamı" imicinin arxasındakı çürümüşlüyü tam çılpaqlığı ilə ortaya qoyur.
Lakin Vardanyanın cinayət xəritəsi yalnız bank hesabları və çirkli pullarla məhdudlaşmır. Onun əsas cinayəti qaranlıq biznesindən əldə etdiyi çirkli kapitalı Azərbaycan torpaqlarının işğalına, separatçılığın körüklənməsinə və bir xalqın faciəsinə yatırmasıdır.
Qarabağda onilliklər ərzində azərbaycanlıların başına gətirilən müsibətlər, Xocalı soyqırımı, kəndlərin və şəhərlərin yerlə-yeksan edilməsi, yüz minlərlə insanın öz doğma ocaqlarından didərgin salınması toxunulmazlıq zirehinə bürünmüş bu kimi fiqurların dəstəyi ilə mümkün olmuşdu. Vardanyan Qarabağ torpağına "xilaskar" cildində gələndə məqsədi sülh deyil, bölgəni öz şəxsi və havadarlarının geostrateji oyunlarının poliqonuna çevirmək, çirkli kapitalını siyasi dividentlərə konvertasiya etmək idi.
Belə bir cinayətkar keçmişə və aşkar separatçı fəaliyyətə malik bir şəxsin xarici güclər, bəzi qərəzli beynəlxalq dairələr və erməni lobbisi tərəfindən hələ də "siyasi məhbus" və ya "mülki xadim" kimi müdafiə olunması, humanizm və beynəlxalq hüquq prinsiplərinə qarşı açıq təhdiddir.
Çirkli pulların yuyulmasında adı hallanan, regional sabitliyi pozmağa çalışan və xalqımızın qanına bais olan birisini dəstəkləmək, onun cinayətlərinə şərik olmaq deməkdir. Bu ikiüzlü mövqeyi, riyakar dəstək bəyanatlarını və ədaləti ayaq altına alan beynəlxalq havadarları qətiyyətlə lənətlənməlidir.
Bu gün ədalət öz yerini tapıb. Azərbaycan dövlətinin qətiyyəti və dəmir iradəsi nəticəsində Vardanyan öz layiq olduğu cavabı alıb və məhkəmə önündə hesab verir. Tarix və hüquq heç bir çirkli pulun, heç bir qaranlıq şəbəkənin ört-basdır edə bilmədiyi həqiqətləri gec-tez ortaya çıxarır.
Ruben Vardanyan və onun arxasında duran güclər anlamalıdırlar ki, bir xalqın faciəsi üzərində qurulan imperiyalar çökməyə, sahibləri isə tarixin qara səhifələrinə gömülməyə məhkumdur.
