Çimərlik futbolu üzrə builki Avroliqanın Superfinalında pandemiya ilə əlaqədar Azərbaycan millisi ilə birgə yeddi komanda iştirak etməyəcək.
Beynəlxalq Çimərlik Futbolu Federasiyasının saytı xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində 1-6 sentyabrda keçirilməsi planlaşdırılmış yarış altı gün yox, beş gün davam edəcək.
Buna səbəb Azərbaycan, Rusiya, İtaliya, İspaniya, Belarus, Polşa və Türkiyə millilərinin yarışa gələ bilməməsi olub. 2-6 sentyabrda keçiriləcək yarışda isə cəmi beş komanda – Ukrayna, Almaniya, Fransa, Portuqaliya və İsveçrə mübarizə aparacaq. Yarış dairəvi sistemlə keçiriləcək.
Qeyd edək ki, pandemiyaya görə A Divizionunun və qadınların Avroliqa Superfinalı ləğv olunub.