“Səbail” klubu Azərbaycan çempionatında oynayan dünya şöhrətli futbolçu Maykl Esyenlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, qanalı futbolçunun 1,5 illik müqaviləsinin müddəti başa çatıb.
“Çelsi”, Madrid “Real”ı və “Milan” kimi klubların şərəfini qorumuş futbolçu həm dəm “Səbail”in 19 yaşadək komandasında məşqçi işləyirdi. O, ötən mövsüm 15 oyuna çıxmış və 616 dəqiqə meydanda olmuşdu.
Yeri gəlmişkən, 37 yaşlı Maykl Esyen Azərbaycanı tərk etməzdən öncə isə ingiliscə bu sözləri yazıb:
“Burada oynamaq çox xoş oldu. Yenidən görüşənədək. Güclü və salamat olun”.
Daha sonra o, Azərbaycana öz dilimizdə dəstək olub:
“Şəhidlər ölməz, Vətən bölünməz!”
Qeyd edək ki, millimizin futbolçusu Şəhriyar Rəhimovla yolları ayıran “Səbail” bu gün baş məşqçisi Aftandil Hacıyev, köməkçi məşqçilər Emin Ağayev, Fərhad Vəliyev və Yaşar Hüseynovla növbəti mövsümün sonunadək müqavilə bağlayıb.