Argentina millisinin sabiq hücumçusu, Çinin “Hebey Çayna Forçun” futbol klubunun forvardı Esekyel Lavessi ilin sonunda peşəkar karyera ilə vidalaşacaq.
Bu barədə forvard özünün “Instagram” səhifəsində yazıb.
“Bu, heyrətamiz dövr idi. Məşq, nadir anlarla dolu illər daim qəlbimdə yaşayacaq. Mən həmişə bu səyahət ərzində yanımda olanlara minnətdar olacağam. Həyatımın gözəl bir mərhələsi ilə böyük kədərlə vidalaşıram. Mən çox xoşbəxt idim”, - deyə futbolçu yazıb.
Xatırladaq ki, Çinə köçməzdən əvvəl Lavessi Fransanın “Pari Sen-Jermen”, eləcə də İtaliyanın “Cenoa” və “Napoli” klublarında çıxış edib. Argentinalı parislilərlə birlikdə Fransa çempionatını dörd dəfə qazanıb. O, Argentina yığmasının heyətində keçirdiyi 51 oyun zamanı rəqib qapısından doqquz top keçirib və 11 nəticə verən ötürmə edib.