"Moskva Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi məsələsində heç kimin tərəfini tutmur, o, ilk növbədə vəziyyətin normallaşmasında və qardaş xalqlar arasında mehriban qonşuluq münasibətlərində dərindən maraqlıdır".
Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, "Moskvanın rəsmi və ya media ritorikasında Rusiyanın mövqeyinin tez-tez Azərbaycanın yanaşmaları ilə sinxronlaşdırıldığını" qeyd edən jurnalistin sualına cavab verib.
Lavrov Rusiya tərəfinin mövqeyinin yanlış şərh edildiyinə diqqət çəkib.
"Belə çıxır ki, Cənubi Qafqaz problematikası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə, sizin sualınızdan çıxış edərək, belə təəssürat yaranır ki, biz bir tərəfi tuturuq? Bu, belə deyil", - deyə XİN rəhbəri bildirib.
"Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərin marağımızdan çıxış edərək, bizim fikrimizcə, olduqca aktual olan Bakı və İrəvan arasında münasibətlərin normallaşması məsələləri ilə məşğul oluruq", - deyə Rusiya naziri əlavə edib.