Rusiyanın 310 kilometr mənzilli aviasiya raketinin gücü iki dəfə artırılıb və onun döyüş başlığının kütləsi 800 kiloqrama çatdırılıb.
Median.Az Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov Müdafiə Naziri Sergey Şoyquya bildirib.
Obnosov qeyd edib ki, 310 kilometr məsafə qət edən yeni məhsul artıq sınaqdan keçirilib. O, həmçinin əlavə edib ki, konstruktorlar raketin qiymətini aşağı salıblar.
Aerokosmik Qüvvələrin baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov deyib ki, raketin döyüş başlığı əvvəllər 450 kiloqram olduğu halda, hazırda 800 kiloqramdır.
Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, "bu cür raketlərin kifayət qədər olmasını" təmin etmək lazımdır.