Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı üç ədəd "Kalaşnikov" markalı avtomat silah və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.