“Ərim “iynə” vururdu, məni o yoluxdurdu” - Bir qadının ürək dağlayan dramı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |     22:50 “28 May”ın ətrafı: 75 il 44 saniyədə - VİDEO  |     22:42 Bərdədə çayda batan Əlinin - Fotosu  |     22:37 ÇL-də İngiltərənin 6 klubu olacaq  |     22:30 Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI  |     22:25 Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin  |     22:18 Rafael Ağayev əməliyyat olundu - FOTO  |     22:13 “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər  |     22:05 Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA  |     21:59 Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik  |     21:53 KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI  |     21:47 “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi  |     21:39 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"  |     21:34 "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı  |     21:25 Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA  |     21:19 770 min manat vergi borcu olan şirkət kimindir?  |     21:12 BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq  |     21:04 Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?  |     20:59 Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO  |    

“Ərim “iynə” vururdu, məni o yoluxdurdu” - Bir qadının ürək dağlayan dramı

Addımlarımın məni itələdiyi yerdə bəndənizi bir nəfər gözləyir. Açığı, heç onun da xəbəri yoxdur ki, mən gəlirəm. Mən onu, o da məni tanımır. İlk dəfə görüşəcəyik. Heç adını da bilmirəm. Bəri başdan deyim ki, öyrənsəm də, əsl adını sizə deməyəcəyəm...
 
“Noolar, bir saata qədər çatdır”…
 
Bu dəfə yolumu Respublika QİÇS-lə Mübarizə Mərkəzindən saldım. Məni gözləyən adam da buradadır. Bu barədə bir qədər sonra. Başağrısı olmasın, indi sizə orada ilk gördüyüm epizodu danışım, sonra qəhrəmanımla görüşümüzdən bəhs edərəm; Mərkəzin bağçasında gözümə dizi üstə bükülmüş bir neçə orta yaşlı kişilər dəyir. Biri qollarını qaşıyır, o biri dodağını gəmirir. Biri isə həyətdəki ağacın dibindəki su “şırnağı”nı qurdalaya-qurdalaya telefonla danışır:
 
- Qurban olum, siqertim kutarıpdı. İmkan varsa, bir saata qədər məyə iki “paçka” “göy Pal-Mall” al gəti. Qərdeşün burden çıxsun, hörmətünnən çıxar. Noolar, çatdır onu…
 
- …
 
- Ala, əgüb döyül. Heç narahat olma. “Prosta” mən burdan çıxa bilmirəm. Oğlum da axşam çıxacey işdən. Ona qədər ciyerimiz yanar ki…
 
- …
 
- Sağ ol, “brat”, çox sağ ol, atamsan…
 
Bunlar yaşı qırxı keçmiş bir kişinin telefonla yalvarışıdır. Yəqin, mərkəzdə müalicə alanlardandır. Sizi bilmirəm, onun dediklərini eşidəndə mənim ətim ürpəşdi. Az qaldım, cibimdən bir gilə siqaret uzadım ona. Amma fikrimi dəyişdim. Birdən mənə də “dil-ağız” edər, yalvarar deyə, qorxdum…
 
Ayaq saxlamadan tini buruluram. Yuxarı qalxıram, ikinci mərtəbədə məni qurumun  monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov qarşılayır. Səbəbi-ziyarətimin məqsədini açıqlayıram. Burada gözlə - deyib otaqdan çıxır. İki-üç dəqiqə sonra geri qayıdır: “Mərkəzin müdiri Esmira xanım otağında sizi gözləyir”.
 
Göy xalatın içindəki reportyor…
 
Nə üçün gəldiyimi Esmira xanıma da ətraflı şəkildə izah etdim. Xoş qarşıladı. Amma xəbərdar etdi ki, danışdırmaq çətin olacaq. Çünki əksəriyyəti danışmaq istəmir:
 
- Bir çarəsini taparıq. Narahat olmayın. Yetər ki, onlarla məni görüşdürün.
 
- Gəlin belə edək, bu gün bir xanım gəlib. Təzədir. Bir-iki saat ancaq olar. Mən də yenicə xəbər tutmuşam. Heç mən də görməmişəm. Gedək mən də görüm.
 
Esmira xanım məni stasionar şöbənin müdiri Sevda Əhmədovanın otağına gətirir. Sevda xanımın təklifi ilə göy xalatı əynimə keçirib, iki daşın arasında yaraşırmı, yaraşmırmı deyə, güzgüdə özümə baxıram. Canım yanmasın, göy xalatla ağ gözlük “hisə verilmiş balıq pivəyə yaraşan kimi” yaraşır. Sevda xanımla Esmira Alməmmədova xəstələrin sağlıq cədvəlinə göz gəzdirirlər. Temperatur şkalasına baxırlar. Hazır olduğumu deyirəm.
 
Uzun dəhlizlə beş-altı addım atıb, bir otağın qapısını açırıq. Gözlərimə ağ-mavi rəngli beşin-üçə otağın işıqlı mənzərəsi açılır.
 
Hicablı qadın da yoluxub...
 
Otağın sol tərəfindəki xanım hicablıdır. Deyəsən, o da İİV daşıyıcısıdır. İİV bilirsiniz də nədir, insanın immunçatışmazlığı virusudur. Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara - vərəm, pnevmoniya və sair xəstəliklərə qarşı insanın həssaslığı artır. QİÇS isə yoluxmanın ən axırıncı mərhələsidir. Bağışlayın, bir az elmi oldu. Bu barədə sizə sonra danışaram. Hələlik qayıdım hicablı xanıma. Məni görən kimi başını aşağı salır. Onun vəziyyəti elə də ağır deyil. Həkimlərlə söhbətindən vəziyyəti anlayıram. Mənim üçün “işıq gələn tərəfin” çarpayının sağ tərəfində olduğunu başa düşürəm.
 
Gülər üzlü, qızdırmalı Gülsüm...
 
Dediyim kimi, Gülsüm adı şərtidir. Çarpayısında uzanmışdı, həkimləri və məni görcək tez ayaqlarını büküb oturdu. Çəkələklərini ayaqlarına keçirib, qıçlarını cütləşdirdi.
 
Artıq bugünkü qəhrəmanımı dəqiqləşdirdim. Budəfəki ismi-pünhan qəhrəmanım Gülsümdür.
 
Mərkəzin direktoru da Gülsümü mənim kimi birinci dəfədir görür. Ona görə də ilk sualı qeydiyyatla bağlı olur:
 
- Mərkəzimizdə neçə ildir qeydiyyatdasınız?
 
Gülsüm:
 
- Keçən ildən. İyul ayında qeydiyyata düşmüşəm, hələ bir il tamam olmayıb (təbəssümünün ştrixlərini dəyişmədən cavab verir).
 
Telefonumu yoxlayıram, diktofonun “nəbzinin vurduğunu” görüb, ürəyim sakitləşir. Not dəftərçəmə qeydlər edirəm: “Gülsüm, 40 yaş...”.
 
İİV-ə yoluxmuş tibb bacısı...
 
Həkimlərin sözü, sualı qurtarandan sonra Gülsümlə üz-üzə qalırıq. Suraxanı rayonundan, Bülbülədən olduğunu deyir. İİV daşıyıcısı olduğunu bir il əvvəl öyrənib. Bir il əvvələ qədər Suraxanıdakı poliklinikalardan birində tibb bacısı işləyirmiş:
 
“...Amma indi işləmirəm. İİV-ə yoluxduğumu eşidəndə işdən çıxardılar. Qanunla heç bir haqları yox idi. İİV daşıyıcısı olmağımla bağlı cavabların müsbət olduğunu öyrənən kimi baş həkim əmrimi verdi. Daha doğrusu, ərizəmi məcburi yazdırtdı. İndi işsizəm, bir qızım var. Ona və öz boğazıma qardaşım və anam baxır”.
 
Gülsüm alovlu-alovlu danışır. Təngnəfəs olur. Ara verir, yenə söhbətimizə davam edirik. Deyir ki, 17 il idi ki, həmin xəstəxanada işləyirmiş, ailə qurduğu vaxtdan:
 
“Bu xəstəlik qanla və cinsi yolla keçir. İşimə heç bir problem yaratmırdı. Kağız-kuğuz işlərində çalışa bilərdim. Amma baş həkim razı olmadı. Dedi ki, səni saxlaya bilmərəm”.
 
Məni yoldaşım yoluxdurub...
 
Gülsüm üzünü üzümə dikib danışır. Sanki acılarını yenidən yaşayır və dərdini anlayışla dinləyəcək birini görürmüş kimi həvəslənir. Ani səssizlik çökən kimi sualı mən verirəm:
 
- Gülsüm,  bayaq dediniz ki, heç bir yoluxduğunuzu ilk dəfə öyrənməyinizdən heç bir il də keçməyib...
 
- Yoluxduğum haqqında ilk məlumatı ötən ilin mayında almışam.
 
- Bəs kim yoluxdurub sizi, nədən yoluxubsunuz?
 
- Yoldaşım yoluxdurub.
 
- Ailədə neçə nəfərsiniz? İkinizdən başqa İİV daşıyıcısı var?
 
-  Bir qızım var. On altı yaşındadır. Məktəblidir. Onu da yoxlatdırmışıq, təmiz çıxıb. Ərim türmədədir. Narkotik istifadə etdiyinə görə həbs elədilər. “Silahsaxlama maddəsi” ilə tutuldu. Noyabrın beşində azadlığa çıxacaq. Amma mən onun silah saxladığını görməmişəm. Mənə virusu yoldaşım yoluxdurub (ikinci dəfə təkrarlayır bunu).  Onun da, mənim də qırx yaşımız var.
 
Gülsüm deyir ki, anasının da onun İİV virusuna yoluxmasından xəbəri var. Həbsxanada olmasına baxmayaraq, ərinə də bu barədə məlumat verib:
 
“Həbsxanaya yanına gedəndə yoldaşıma dedim ki, mənə də yoluxdurmusan. Heç olmasa, bunu mənə vaxtında deyərdin, işimi bilərdim. İşimdən də olmazdım. Gəlib burada onlardan gizlin yatardım, müalicə alardım. İşdə də bilməzdilər. Anam yoluxduğumu biləndə quruyub qaldı (əsəbi halda gülümsünür). Yazıq arvad əvvəlcə inanmadı. İnanandan sonra iki ay yorğan-döşəyə düşdü. Nə qədər xəstə yatdı. Anaya necə təsir eləməlidir ki? Kim istəyər, övladı bu vəziyyətə düşsün?! Məni yox, kürəkənini günahlandırdı”.
 
- Qonum-qonşu yoluxduğunuzu bilir?
 
- Xeyr, heç kim. Bir qızım, bir də anam bilir. Üç nəfərin arasında saxladığımız sirdir. Kənd yeridir, Bülbülədir. Kimə demək olar ki? O saat qonum-qonşu da əlaqəni kəsər.
 
- Bəs yoluxduğunuzu ona deyəndə qızınızın buna reaksiyası necə oldu?
 
- Heç nə...(sanki boğazı quruyur, udqunur, əlləri ilə üzünə düşən tellərini arxaya atıb söhbətinə davam edir) Heç vecinə də deyil. On altı yaşı var də. Hələ başa düşmür. Deyir ki, ana dərmanları iç, sağalacaqsan. Səndə heç nə qalmayacaq – deyir.
 
- Yoldaşınızdan soruşdunuzmu ki, bu mərəz ona hansı yolla yoluxub?
 
- Onun-bunun iynəsini özünə vurmaqdan keçib. Bir neçə nəfər iynə vuranda bir şprisdən istifadə edirdilər. Bir ara vərəm tutmuşdu. Gedib müalicə aldı. Altı aylıq müalicə götürdü. Mənim tibb bacısı işlədiyim xəstəxanada, sonra burada müalicə olundu. Tez-tez yanına gedib-gəlirdim. Məni buraya – müalicə olunduğu yerə gəlməyə qoymurdu. Deyirdi ki, orada kişilər çoxdur, gəlmə. Bayırda görüşürdük. Onun yoluxduğunu özümdə virus aşkarlananda bilmişəm. İndi də boynuna almır. Deyir ki, məndə elə bir xəstəlik yoxdur. Deyirəm ki, on ildir orada qeydiyyatdasan, necə yəni, boynuna almırsan? Deyir ki, sən hər şeyi ürəyinə salırsan. Ona görə xəstəlik tutur səni.
 
- Bu özünü təmizə çıxarmaq idi, yoxsa sizə dəstək olmaq?
 
- Nə bilim. Baş açmaq olur ki?..
 
Duruxur, əllərini ovuşdurur. Hiss edirəm ki, sual verməyimi gözləyir.
 
- Bəs yoldaşınıza demisinizmi ki, iynə vurmağı tərgitsin?
 
- Bu elə vərdişdir ki, tərgidə bilmir. İki il yatır, çıxır yenə də narkotikə qurşanır. Çəkmir, ancaq iynə vurur.
 
- Bəs iynənin pulunu haradan tapır?
 
- Özüm işləmişəm, maaş almışam da (hövsələsiz cavab verir). Məktəbdə, xəstəxanada işləyirdim. Gecə gec gəlirdim, iynəsinin pulunu çox vaxt özüm verirdim. Mən verməsəm də o pulu haradansa tapacaqdı. Evdən şey-şüy satırdı. Əşyaları gizlincə götürüb aparıb satırdı. Ya da borca pul götürürdü. Sonra məndən pul alırdı, aparıb verirdi.
 
Onun danışıqlarından başa düşürəm ki, yoldaşını çox sevir. Bəlkə də dəlicəsinə... Adını ağzına alanda, üzünə düşən saçlarını sığallayır, nəvazişlə şəhadət barmağına dolayır. Gözləri divardakı mavi çalarlara zillənir bir anlıq. Bu dəfə gözlərini mavi rəngdən mən ayırıram. Yoldaşından fərqli olaraq bircə dəfə...:
 
- Bəs pul tapmayanda nə edirdi sizə?
 
- Elə dil tökürdü ki... (gülür). Məcbur olub pul verirdin ki, çıxıb getsin. İstəmirdim ki, yalvarsın (qəfil qaşları çatılır). Ona görə də istədiyi məbləği verirdim.
 
- Pul verməyəndə döyürdümü sizi?
 
- Yox, döyməyi, söyməyi yoxdu. Evə köməklik edirdi. Yemək bişirirdi, evi yığışdırırdı. Uşağa baxırdı. Dərsdən gələndə yeməyini qızdırırdı. Onlar – narkotik çəkənlərin hamısı təmizkar olur. Hərdən iş tapırdım ona, gedib kiməsə tut çırpırdı. Xalça yuyurdu. Üç-beş manat qazancı olurdu. Ən azından iynəsinin pulunu çıxarırdı. Amma iynəsinə pul çatdırmaq mümkün deyil. Çünki iynəni vurduqca dozasını artırır, ona isə pul çatdırmaq mümkün deyil. Həbsdən çıxandan sonra yenə gəlib aşnaları onu axtarıb tapacaq. Bir il türmə qorxusuna görə onlara qoşulmağa ürək eləmir. Bir ildən sonra həmin qorxu-ürkü hissi çəkilir. Yenə bir yerə yığışırlar.
 
Ağzına su alıb oturmuş və “ölü” gözlərlə bizə, söhbətimizə qulaq kəsilmiş hicablı xanımı saymasaq, otaqda ikimizik. Hicablı xanımı da qınamıram. Ağrıları onu birtəhər edib. Bayaq Esmira xanıma deyəndə eşitmişdim ki, başqa xəstəlikləri də var. Ona da İİV virusunu yoldaşı yoluxdurub...
 
“Tanış adam var, aptekə düzəldəcək” arzusu....
 
Qəhrəmanımla həyat yoldaşı ilə evliliyin ilk çağlarına qayıdırıq. Deyir ki, əri 17 ildir narkotik istifadəçisidir:
 
“Elə bu il evliliyimizin də on yeddi ili tamam olur. On altı yaşlı qızımız var. O da atasının “içəri” girib çıxmasına öyrəşib. İndi vecinə də deyil. Çox şeylər ona hələ çatmır. Atasının varlığı ilə yoxluğu bilinir ki... Çox vaxt həbsxanada olur. Girib-çıxır. Dördüncü dəfədir ki, tutulub”.
 
Maraq üçün ailə qurduğu sinif yoldaşı haqqında başqa suallar verməyə başlayıram. Başağrısı oluramsa, üzrlü sayın, adam danışmaq istəyir. Dərdi böyükdür. Öz aramızdır, başqasının həyatını dinləmək, müzakirə etmək həmişə maraqlı olub...
 
- Gülsüm, yoldaşınızla ailə həyatı qurarkən içdiyini, çəkdiyini bilirdinizmi?
 
- Təzə evlənən zaman elə deyildi. Bəlkə də mən hiss etməmişəm.
 
Birdən hicablı xanım söhbətimizi kəsir, soruşur ki, halı nə vaxtdan pisləşib. Gülsüm də bayaqdan azı üç-dörd dəfə təkrarladığı sözləri palata yoldaşına çatdırmaqdan ərinmir:
 
“Bir həftədir beləyəm. Öyüyürəm, yediyimi qaytarıram. Evdəki işlər də tökülüb qalıb. Qızımı da anamgilə qoyub gəlmişəm ki, ac qalmasın...”.
 
Söhbətə davam edirik. Soruşuram ki, buradan çıxandan sonra nə edəcək.
 
- İş tapmışam, sağalan kimi gedib aptekdə işləyəcəyəm. Tanış adam var, o məni aptekinə işə düzəldəcək. Söz verib.
 
- Sizi işə düzəldəcək adam daşıyıcı olduğunuzu bilir?
 
- Yox, bilmir. Deyirəm ki, sağalım işə çıxım, yenə halım pisləşir. Bura 51 immunitetlə gəlmişəm. Nədir ki, sağalacam də... Dərmanımı da içəcəyəm, “sarı”nı da, “ağı” da vaxtlı vaxtında, 20 dəqiqə fərqlə içirəm. Buradan çıxan kimi aptekə gedəcəyəm. Yenə başım qarışar. 
 
Gülsümə və yanaqları ağarmış hicablı xanıma şəfa diləyib, otaqdan çıxıram.
 
İİV daşıyıcılarının qaldığı hissədən – palataların olduğu bölmədən çıxıram. Arxamca qadın xadimə qapının rəzəsini çəkir... Rəzənin şaqqıltısı qulaqlarımı cingildədir.
 
Esmira xanımın kabinetində məni başqa bir tanış sima gözləyirmiş. Eldəniz Muradov. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin texniki işlər üzrə şöbə müdiridir. Salamlaşırıq. Eldəniz müəllimi bir neçə dəfə Qlobal Fondun maliyyəsi ilə keçirilən təlimlərdən tanıyıram. Qəhrəmanımla söhbətimin necə keçdiyini xəbər alır. Qısa izahat verirəm. Sonra fürsətdən yararlanıb, 2018-ci il üzrə statistik rəqəmlər barədə soruşuram. Deyir, 2018-ci ildə İİV-ə yoluxma halı  aşkar olunanların ümumi sayı 148-dir. Onlardan 145-i Azərbaycan vətəndaşı, 3-ü isə əcnəbidir:
 
- Yerli sakinlər arasında qeydiyyata alınmış 145 nəfərdən 98-i, yəni 67,6 faizi kişilər, yerdə qalan 32,4 faizi isə qadınlardır.
 
Söhbətimizin bu yerində mərkəzin direktoru öz əlavələrini edir. Deyir ki, müalicə metodları, müalicə sistemi Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlar əsasında həyata keçirilir. Çünki bu prosedurda adi bir səhvin çox böyük mənfi nəticələri ola bilər:
 
“Evli olan İİV-ə yoluxmuş insanlar barədə bütün addımlar könüllüdür. Məcburi qaydada ancaq məhkəmənin qərarı ilə kimisə gətirib müayinə etdirə bilərlər. Bu, çox nadir hallarda baş verə bilər. İnsanlar özləri başa düşürlər ki, müalicə etdirmək lazımdır. Elə insan var, yaxşılaşanda dərmanları dayandırır. Biz yalnız müalicəyə sövq edə, başa sala bilərik, amma heç bir məcburiyyət ola bilməz. Qanun məcburiyyətə icazə vermir”.
 
Esmira Alməmmədova qeyd edir ki, ilkin mərhələdə bir neçə test aparılır, diaqnoz qoyulur və həmin anda xəstənin vəziyyətindən asılı olmayaraq müalicəni təklif edirlər:
 
- Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki sistemi belə idi ki, diaqnoz qoyulurdu, vaxtaşırı müayinələr aparılırdı. İmmunitet zəifləyib kritik həddə çatanda dərmanlar tətbiq olunurdu. Sonradan infeksiyanın yayılmasının qarşısı alına bilmədi. 2006-cı ildən strategiya dəyişdi və virus qanda təyin olunmayana qədər müalicə aparıldı.
 
- Qadınlar daha çox müalicə olunmağa meyllidir, yoxsa kişilər?
 
- Qadınlarda dərmanlara aludəlik daha yaxşıdır. Onlar hər gün müvafiq dərmanları qəbul edirlər.
 
Ani susqunluq yaranır. Eldəniz Muradova baxıram, susqunluğu aradan qaldırmaq üçün sözə başlayır:
 
“Bizim elə cütlüklərimiz var, ikisindən biri - ər və ya arvad İİV daşıyıcısıdır. Qadın isə hələlik yoluxmayıb. Həmin cütlüklərin hər birinə dərman verilir. Kişi xəstədirsə, qadına da dərman verilir ki, yoluxmasın”.
 
Müalicə olunmaq dərdi...
 
Esmira Alməmmədova deyir ki, 2006-cı ildən indiyə qədər cəmi 8 İİV xəstəsi dünyasını dəyişib. Onlardan da biri xərçəng xəstəsi olub:
 
“Xəstələrdən digəri keçmiş narkoman idi, əvvəl müalicə olundu, sonradan yenə həmin  yola çəkdilər. Ümumilikdə bu şəxslərin ölümü sözügedən virusla əlaqədar deyildi. İnsanlar özləri də səy göstərməli, müalicə götürməlidirlər. Bakıda yaşayan bir qadın müraciət etmişdi. Həkim ginekoloqdur. Doğuşu da özünün işlədiyi müəssisədə həyata keçirib. Müayinə aparıldıqda aydın oldu ki, qadın İİV-ə yoluxub. Həyat yoldaşı narkoman olub. Bilirsiniz, hər bir şəxs öz səhhətinə görə özü məsuliyyət daşıyır, amma uşağa görə dövlət. Ona görə, biz aiddiyyəti orqanlara, ombudsmana müraciət edib, valideynləri İİV daşıyıcısı olan uşaqları müayinə üçün cəlb edirik”.
 
Esmira xanım faktları, xəstələrlə bağlı acı həyat hekayələrini ard-arda sıralayır:
 
- Şamaxıda bir qadın var idi. Gəlini və oğlu rəhmətə getmişdi. Bir övladları qalmışdı. Nənə nəvəsinə dərmanı vermirdi.
 
- Səbəbi nə idi, niyə vermirdi?
 
- Niyə vermədiklərini heç özümüz də bilmirik.
 
- Bəs sonra necə oldu?
 
- Dəfələrlə Şamaxıya gedib, qadını razı salmağa çalışmışıq. Uşaq ağır vəziyyətə düşəndə çarəsizlikdən bizə müraciət etdi. Özü də uşaqlarda müalicə böyüklərə nisbətdə çox yaxşı nəticə verir. Lakin kritik vəziyyətə çatanda dərman da kömək etməyə bilər. Bu baxımdan, valideynlər məsuliyyətsiz davranırlar.
 
Eldəniz müəllim isə deyir ki, bir İİV daşıyıcısı var, Ağdaşdandır. Adını açıqlamır. Əvvəl özünün bu virusa yoluxduğunu, sonra həyat yoldaşını yoluxdurduğunu deyir:
 
“Biz onu və həyat yoldaşını qeydiyyata saldıq. Altı aydan bir gəlib yoxlanmalı və dərmanlarını götürməlidirlər. Amma həmin adam yoldaşını nə müayinəyə gətirir, nə də özü içdiyi dərmanları yoldaşına verir. Bu cür hallarla rastlaşırıq. Niyəsini nə biz, nə də özü bilir. Məcbur edə bilmirik. Buna haqqımız və səlahiyyətimiz yoxdur”.
 
Həmsöhbətlərimlə sağollaşıb, aşağı düşürəm. Həyətə, bayaq siqaret üçün kiməsə telefonda yalvaran şəxsin dayandığı yerə baxıram, həmin adamlar artıq yoxdur, yəqin otaqlarına keçiblər, indi orada sadəcə “şırnaq” ətrafa su səpələyir...
 
1 saylı şəhər xəstəxanasının girişinə çathaçatda ayağımın altında nəsə xırçıldadı. Diksindim. Ayağımı ehmalca qaldırdım. Bir anlıq gözümün qabağına evdəki qiymətli əşyaları satan Gülsümün həyat yoldaşı, atasının və anasının hansı beşikdə yırğalanmasından xəbərsiz olan on altı yaşlı qızı, iki qutu “göy Pall Mall” üçün kiməsə ağız açan orta yaşlı kişi gəldi... Ətim ürpəşdi. Ayağımın altında sınan bir qarışlıq ləvazimatla bir ömrü xilas etmək də olardı, bir ailəni dağıtmaq da.
 
Sellofana bükülmüş şprisin qırıqlarını zibil qabına atıb, oradan uzaqlaşdım...










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 530 30.04.18 18:49