Süni intellekt şagirdin əvəzinə düşünməməlidir – Açıqlama
Şagirdlər tapşırıqları yerinə yetirmək, mətn hazırlamaq və suallara cavab tapmaq üçün süni intellekt vasitələrindən istifadə edirlər. Bu imkanlar öyrənmə prosesini asanlaşdırsa da, hazır cavablardan həddindən artıq istifadə müstəqil düşünmə vərdişlərinə təsir göstərə bilər. Süni intellektin təhsildə istifadəsi şagirdlərin bilik və düşünmə bacarıqlarına necə təsir edir və bu texnologiyanın istifadəsi üçün hansı qaydalar müəyyənləşdirilməlidir?
Bu barədə təhsil eksperti Əmrah Həsənli Median.Az-a açıqlama verib.
O deyib ki, süni intellekt artıq təhsilin ayrılmaz reallığına çevrilib:
Bu barədə təhsil eksperti Əmrah Həsənli Median.Az-a açıqlama verib.
O deyib ki, süni intellekt artıq təhsilin ayrılmaz reallığına çevrilib:
“Buna görə də şagirdləri bu texnologiyadan uzaq tutmaq əvəzinə, onlara süni intellektdən düzgün və səmərəli istifadə qaydalarını öyrətməliyik. Çünki bu texnologiyadan məqsədyönlü istifadə şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə, əlavə məlumat əldə etməsinə və öyrənmə prosesini fərdi ehtiyaclarına uyğun qurmasına kömək edə bilər. Lakin burada vacib məqam ondan ibarətdir ki, şagird süni intellektdən öyrənmək üçün istifadə etməli, düşünməyi və qərar verməyi isə tamamilə bu texnologiyanın öhdəsinə buraxmamalıdır. Əgər şagird verilən tapşırığı müstəqil araşdırmadan, üzərində düşünmədən birbaşa süni intellektə həvalə edir və əldə etdiyi hazır cavabı öz işi kimi təqdim edirsə, bu, onun müstəqil düşünmə, təhlil, araşdırma və yazı bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Biz şagirdlərə sadəcə hazır cavab əldə etməyi deyil, düzgün sual verməyi, əldə etdikləri məlumatları təhlil etməyi və həmin məlumatlar əsasında müstəqil nəticə çıxarmağı öyrətməliyik”.
O qeyd edib ki, bu məsələdə məsuliyyət yalnız şagirdlərin üzərinə düşmür:“Müəllimlər də tapşırıqları və qiymətləndirmə meyarlarını müasir dövrün tələblərinə uyğunlaşdırmalıdırlar. Şagirdin yalnız təqdim etdiyi yekun nəticə deyil, həmin nəticəyə hansı mərhələlərdən keçərək gəldiyi, mövzunu nə dərəcədə mənimsədiyi və öz fikirlərini necə əsaslandırdığı da qiymətləndirilməlidir. Məsələn, şagirddən hazırladığı mətni təqdim etməklə yanaşı, onun məzmununu izah etmək, irəli sürdüyü fikirləri müdafiə etmək və alternativ yanaşmalar təklif etmək də tələb oluna bilər. Süni intellektin təhsil sistemində istifadəsi ilə bağlı daha aydın və konkret qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Şagirdlər hansı tapşırıqların yerinə yetirilməsi zamanı bu texnologiyadan yararlana biləcəklərini, onun köməyindən istifadə etdikdə bunu necə qeyd etməli olduqlarını bilməlidirlər. Süni intellekt vasitəsilə əldə edilən məlumatların doğruluğunun yoxlanılması, şəxsi məlumatların qorunması və akademik dürüstlük prinsiplərinə riayət edilməsi də diqqətdə saxlanılmalıdır”.
