Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA

25.11.2026 12:32 15
Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA
Uşaqların saxlanılması və tərbiyəsi ilə bağlı xərclərin artması ailələrin büdcəsinə əlavə yük yaradır. Bu baxımdan, bütün uşaqlara vahid müavinətin verilməsi məsələsi sosial siyasət müstəvisində maraq doğurur.
2027-ci il üçün Azərbaycanda universal uşaq pulunun tətbiqi nə dərəcədə realdır və bu mexanizm ailələrin sosial vəziyyətinə necə təsir edə bilər?

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Median.Az-a bildirib ki, 18 yaşınadək bütün uşaqlara uşaq pulunun verilməsi ailələr üçün böyük dəstək olardı:
“Dövlət müxtəlif adlar altında sosial müavinətlər ödədiyini bildirsə də, bu ödənişlər əsasən əlilliyi olan və ya müəyyən imtiyazlara malik uşaqları əhatə edir. Halbuki, uşaq pulunun bütün uşaqlara şamil edilməsi daha məqsədəuyğun olardı. Belə bir sosial dəstək həm əhalinin artımına, həm də uşaqların sağlam böyüməsinə, təlim-tərbiyəsinə müəyyən töhfə verə bilər. Təbii ki, bunun bütün problemləri həll edəcəyini demirəm, lakin ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Bununla belə, 2027-ci ilin dövlət büdcəsi layihəsində uşaq pulunun bərpası məsələsinin öz əksini tapacağına inanmıram. Çünki dövlət büdcəyə əlavə yük yaratmaq istəmir. Halbuki, büdcədə strateji və ya xüsusi əhəmiyyət daşımayan, azaldılması mümkün olan kifayət qədər xərclər mövcuddur. Həmin xərclərin optimallaşdırılması hesabına uşaq pullarının ödənilməsini təmin etmək mümkündür”.
O qeyd edib ki, bu istiqamətdə hələlik real siyasi iradə və təşəbbüs müşahidə olunmur:
“Cəmiyyətdə uşaq pulunun verilməsi ilə bağlı ciddi sosial tələb var. Təəssüf ki, hökumət tərəfindən bu tələbin reallaşdırılması istiqamətində müvafiq addımların atıldığı görünmür. Buna görə də gələn il bu sahədə konkret dəyişikliklərin olacağını gözləmirəm. Ümumilikdə, ailə institutunun qorunması, əhalinin sayının artırılması, eləcə də uşaqların normal təlim-tərbiyə və təhsil şəraitində böyüməsinin təmin edilməsi üçün dövlət sosial müavinətləri və ödənişləri mütəmadi olaraq artırmalıdır. Bu, sosial siyasətin əsas istiqamətlərindən biri olmalıdır”.

Son xəbərlər