Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA
Mənzil kirayəsi və alqı-satqısı zamanı vasitəçilərin xidmət haqqı ilə bağlı tərəflər arasında fikir ayrılıqları yarana bilər. Xidmətin həcmi, ödənişin məbləği və tərəflərin öhdəlikləri əvvəlcədən aydın müəyyən edilmədikdə mübahisələr qaçılmaz olur. Daşınmaz əmlak vasitəçisinin xidmət haqqı hansı hüquqi əsaslarla müəyyənləşdirilməlidir və makler xidmət göstərmədiyi halda ödəniş tələb edə bilərmi?
Makler Surxay Bəkir Median.Az-a açıqlamasında qeyd edib ki, mənzil kirayəsi və alqı-satqısı zamanı maklerin xidmət haqqı tərəflər arasında əvvəlcədən razılaşdırılmalıdır:
Makler Surxay Bəkir Median.Az-a açıqlamasında qeyd edib ki, mənzil kirayəsi və alqı-satqısı zamanı maklerin xidmət haqqı tərəflər arasında əvvəlcədən razılaşdırılmalıdır:
“Yəni makler ev sahibinə və ya alıcıya xidmət göstərirsə, həmin xidmətin qarşılığında nə qədər ödəniş alacağını əvvəlcədən bildirməlidir. Məsələn, mənzil kirayəsi zamanı makler ev axtaran şəxsə uyğun mənzillər təklif edir, ev sahibi ilə əlaqə yaradır, tərəfləri görüşdürür və müqavilənin bağlanmasına kömək edir. Bu işlərin nəticəsində kirayə müqaviləsi bağlanırsa, əvvəlcədən razılaşdırılmış xidmət haqqını tələb edə bilər. Amma makler heç bir real xidmət göstərməyibsə, sadəcə tərəflərdən birinin nömrəsini veribsə və ya hər hansı nəticə əldə olunmayıbsa, avtomatik olaraq pul tələb etməsi düzgün deyil. Burada əsas məsələ tərəflər arasında hansı xidmətin göstərilməsi və bunun müqabilində hansı məbləğin ödənilməsi barədə razılığın olub-olmamasıdır”.
O bildirib ki, makler yalnız bir tərəflə razılaşdığı halda digər tərəfdən də özbaşına xidmət haqqı tələb edə bilməz:“Hər şey qarşılıqlı razılaşma əsasında olmalıdır. Ən yaxşısı, sonradan mübahisə yaranmaması üçün xidmət haqqı və ödəniş şərtləri əvvəlcədən yazılı şəkildə razılaşdırılsın. Bu sahədə əsas problem tərəflərin çox vaxt şifahi razılaşma ilə kifayətlənməsidir. Sonradan isə həm ev sahibi, həm kirayəçi, həm də makler arasında narazılıq yaranır”.
