Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA
Hərbi qulluqçuların xidmət yerini özbaşına tərk etməsi və üzrlü səbəb olmadan xidmətə vaxtında gəlməməsinə görə məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni qanun layihəsinə əsasən, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün inzibati cərimə alternativi müəyyənləşdirilir, eyni zamanda bu əməllərə görə məsuliyyət mexanizmlərinə yenidən baxılır. Bəs təklif olunan dəyişikliklər hərbi intizamın qorunmasına necə təsir göstərəcək?
Bu barədə Hərbi ekspert Üzeyir Cəfərov Median.Az-a açıqlamasında bildirib ki, hərbi qulluqçuların xidmət yerini özbaşına tərk etməsi və üzrlü səbəb olmadan xidmətə vaxtında gəlməməsinə görə məsuliyyət qaydalarının dəyişdirilməsi təklifinə münasibətim birmənalı deyil:
Bu barədə Hərbi ekspert Üzeyir Cəfərov Median.Az-a açıqlamasında bildirib ki, hərbi qulluqçuların xidmət yerini özbaşına tərk etməsi və üzrlü səbəb olmadan xidmətə vaxtında gəlməməsinə görə məsuliyyət qaydalarının dəyişdirilməsi təklifinə münasibətim birmənalı deyil:
“Hərbi qulluqçu xidmət zamanı xidmət yerini özbaşına tərk edirsə, bu, onsuz da onun üzərində məsuliyyət yaradır. İkincisi, bu məsələ ilə bağlı qanunvericilikdə hər şey nəzərdə tutulub. İndi bəzi millət vəkilləri intizamı və məsuliyyəti artırmaq məqsədilə zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün inzibati cərimənin alternativ cəza kimi müəyyənləşdirilməsini təklif edirlər. Sabah Vətənin dar günündə hərbi qulluqçu xidmət yerini tərk edəcək, döyüş mövqeyi bir gün boş qalacaq və buna görə ona cərimə tətbiq olunacaq? Bu, nə qədər absurd və mənasız yanaşmadır. Qanunvericilikdə bütün məsələlər öz əksini tapıb. Hərbi qulluqçu xidmətə başlayarkən Vətənə vicdanla xidmət edəcəyinə and içir. Əgər həmin şəxs andına sadiq qalmırsa, bununla bağlı cəza mexanizmləri mövcuddur. İnzibati məsuliyyət də qanunvericilikdə nəzərdə tutulub. Açığı, indiyədək dünya praktikasında hərbi qulluqçuların bu cür qaydada cərimələnməsi ilə rastlaşmamışam. Bu yanaşma öz ordusuna, hərbi qulluqçusuna möhtəkir gözü ilə baxmaqdan başqa bir şey deyil”.
