Nəticələri ləğv edilmiş İmişli rayonu Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki yanvarın 29-da baş tutan bələdiyyə seçkisinin tam nəticələri təsdiq olunandan sonra elan edilə bilər.
Median.Az "Report"a istinadən xəbər verir ki, seçkinin ümumi nəticələri təsdiq edilməmiş hər hansı bələdiyyə üzrə təkrar seçkidən danışmaq olmaz.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) İmişli rayonunun Ağcüyür və Bəcirəvan kəndlərini əhatə edən Bəcirəvan bələdiyyəsi üzrə keçirilən seçkinin nəticələrini fevralın 3-də ləğv edib.
Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinə görə, bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə, yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda MSK-nın qərarı ilə əlavə seçki keçirilir.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, müraciətlərə baxılması fevralın 23-ü, yəni seçkinin yekunlarının elan edilməsinə qədər aparılacaq.