Qəbələdə hovuzda boğulduğu deyilən Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov ilə bağlı yeni təfərrüat məlum olub.
Bu barədə oxu.az-a H.Hüseynovun xalası oğlu Rüstəm Məmmədov məlumat verib.
Rüstəm Məmmədovun açıqlamasına görə, yayılan məlumatlar yanlışdır:
"Hüseyn valideynlərinə 22 yaşlı güləş müəllimi Nəsir Nəsirovla yarışa gedəcəyini deyib. Sonra yarış təxirə düşdüyü üçün Qəbələnin Vəndam qəsəbəsində yerləşən "A-Frame" istirahət evinə gediblər. 5 nəfər tələbə, müəllim və onun dostları olublar. Ümumilikdə 8 nəfər gediblər. Orada hadisənin necə baş verdiyi bilinmir, uşaq dünyasını dəyişib, adını qoyublar ki, suda boğulub. Hüseynin qardaşı Fərid mənə dedi ki, hadisədən sonra ev yiyəsi kameranı qırıb. Mən istəyirəm ki, məsələ düzgün araşdırılsın, aydınlığa çıxsın.
Hüseynin atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Valideynləri də mənim bildiklərimi bilirlər".