Gürcüstanda dövlət rəsmilərinin, vəzifəli şəxslərin, dövlət qulluqçularının şifahi təhqir edilməsi və ya digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu məsələ “Gürcü Arzusu” partiyası tərəfindən hazırlanaraq parlamentə təqdim edilən “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik" layihəsində əksini tapıb.
Layihəyə əsasən, belə hallarda şəxslər 1 500 laridən 4 000 lariyə qədər cərimə oluna və ya 45 günədək inzibati həbsə məhkum edilə bilərlər.
Bu cür əməllərin təkrar törədilməsi daha sərt cəzalar nəzərdə tutur - 2 500 laridən 6 000 lariyə qədər cərimə və ya 5 gündən 60 günədək həbs cəzası. Həmçinin, təhqir hallarında həmin şəxslərin silah gəzdirmə hüququnun 3 ilədək məhdudlaşdırılması da təklif edilir.
Layihə inzibati həbs müddətinin 60 günədək artırılmasını və polisə müqavimət, xırda xuliqanlıq, eləcə də icazəsiz mitinqlərə görə cəza tədbirlərinin sərtləşdirilməsini də ehtiva edir.
Parlamentin bu layihəni sürətli prosedurla müzakirəyə çıxaracağı bildirilir.