Xalq artisti Fatma Mahmudova hazırda reanimasiyadadır.
Bunu report-a açıqlamasında aktrisanın qızı Nigar Tofiq deyib.
Onun sözlərinə görə, F.Mahmudova xəstəxanaya bu gün yerləşdirilib.
“İnsult keçirib. Həkimlər nəzarət edir”.
Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu “Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.
F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.