Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri. Ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Yaralananların tezliklə sağalmalarını diləyirik. Keniya bu kədərli günlərdə Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
Uca Tanrı bu ağrı-acılı günlərdə Azərbaycan xalqına güc və səbir versin.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.