Çinin süni intellekt modeli "DeepSeek" neyron şəbəkəsi sındırılıb, məxfi məlumatlara giriş əldə edilib.
Bu barədə ABŞ-nin "Wiz Research" kibertəhlükəsizlik şirkətinin tədqiqatçıları xəbər veriblər.
Bildirilir ki, onlar bir neçə dəqiqə ərzində "oauth2callback.deepseek.com:9000" və "dev.deepseek.com:9000" serverlərində yerləşən "ClickHouse" verilənlər bazası üzərində tam nəzarəti əldə edə biliblər.
"Bu verilənlər bazası əhəmiyyətli həcmdə çat tarixçəsi, daxili məlumatlar və məxfi məlumatları, o cümlədən jurnal axınlarını, API sirlərini və əməliyyat məlumatlarını əhatə edirdi", - deyə məlumatda vurğulanıb.
"Wiz" ekspertlərinin sözlərinə görə, neyron şəbəkəsinin komandası məlumat sızması barədə məlumatlandırılıb.
"Onlar dərhal ictimai girişi məhdudlaşdırıb, verilənlər bazasını internetdən siliblər", - deyə mütəxəssislər vurğulayıblar.
Xatırladaq ki, Çinin "DeepSeek" şirkəti yanvarın 20-də ABŞ-nin "OpenAI" şirkətinin "ChatGPT" versiyasından üstün olduğu iddia edilən çat-botun yeni "R1" versiyasını buraxıb. Ekspertlər qeyd ediblər ki, Çin çat-botunun tərtibatçıları "OpenAI"dən xeyli az vəsait xərcləyiblər. Bazarların "DeepSeek-R1"in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin "Nasdaq" texnologiya indeksi 3%-dən çox enib, "OpenAI" üçün bahalı çiplərlə təchiz edən "NVidia" şirkətinin səhmləri isə 16.86% düşüb.