Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Ələkbərov və Zəhra Quliyevanın CM-nin 144.2.1-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Xəyal Ələkbərov və Zəhra Quliyeva ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İttiham aktına əsasən, X.Ələkbərov və Z.Quliyeva qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan 5 qadını cinsi istismara məruz qoyublar. Belə ki, Bakıda Ələkbərov zərərçəkmişlərə Türkiyədə yüksək əməkhaqqı olan işlə təmin edəcəyini söz verib, İstanbulda isə Quliyeva qadınları qarşılayaraq, onlara məxsus xarici pasportlarını əlindən alıb. Zərərçəkmişləri müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağa məcbur ediblər. Hər iki şəxs daxil olmuş şikayətlər əsasında DİN İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Prosesdə zərərçəkmişlər iştirak etməyiblər.
Növbəti proses avqustun 9-na təyin edilib.