Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb.
Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.