Madridin “Atletiko” komandasının rəhbərliyi Antuan Qrizman və Kataloniya “Barselona”sını hörmətsizlikdə ittiham edib.
Lenta.ru məlumat verir ki, klubun mövqeyi rəsmi saytında dərc olunub.
Madridlilər hesab edirlər ki, kataloniyalılar hələ mövsüm bitməmiş A.Qrizmanla fərdi müqavilənin detallarını müzakirəyə başlamaqla oyunçularla danışıqlar dövrünün şərtlərini pozublar. Buna görə də “Atletiko” “Barselona”ya oyunçunun transferi üçün ödənişə əlavə vaxt verməkdən imtina edib, forvardın özünü isə mövsümöncəsi hazırlıqlara çağırıb.
“Bu press-relizdə “Atletiko” başda “Barselona” olmaqla, hər iki tərəfin rəftarına ikrahla yanaşdığını bildirmək istəyir. Belə ki, klub oyunçunu hələ mövsüm bitməmiş “Atletiko” ilə müqaviləni pozmağa təşviq edirdi”, - deyə madridlilərin bəyanatında bildirilir.
Qeyd edək ki, iyunun 28-də “Barselona” A.Qrizmanın 120 milyon avroya transferi barədə razılıq əldə etdiyini bildirmişdi.