"The Coca-Cola" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.
Bu barədə "Frans Press" (AFP) agentliyi məlumat verib.
"Bizdə dəqiq rəqəmlər yoxdur, lakin aydındır ki, söhbət əhəmiyyətli hissədən gedir", - deyə şirkətdən bildirilib.
Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" brendlərinə şamil edilir.
Şirkətdən verilən məlumata görə, problem içkilərin keyfiyyətinin Belçikanın Gent şəhərində istehsal üçün normativ tələblərə uyğunluğunun yoxlanılması zamanı müəyyən edilib.
Standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb, qalan partiyanın geri çağırılması üçün sözügedən ölkələrin səlahiyyətliləri ilə işlər aparılır.