"Barselona"nın mətbuat xidməti İspaniya çempionatının 17-ci turunda "Leqanes"lə (0:1) oyunda zədələnən Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın vəziyyəti ilə bağlı açıqlama yayıb.
Oyunçu sağ topuq nahiyəsindən zərbə alıb.
Bazar ertəsi keçirilən testlər onun topuq bağlarının zədələndiyini göstərib.
"Futbolçunun üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir", - klubun "X" hesabındakı açıqlamasında deyilir.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.