İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan maraqlı hadisə ilə üzləşib.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis komandanın təlim-məşq bazasının yerləşdiyi Valdebebas şəhərində yüngül qəzaya düşüb. 46 yaşlı məşqçi şəxsi avtomobilini İqnasio Fernandes adlı yerli sakinin idarə etdiyi maşına vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fernandes maşınını vuran şəxsin Zidan olduğunu görəndə təəccüblənib və dərhal onunla "selfi" çəkdirməsini xahiş edib. Zidan isə öz növbəsində onun xahişini yerə salmayıb.
Hadisə ilə bağlı danışan İ.Fernandes dostlarını inandırmaq üçün Zidanla şəkil çəkdirdiyini bildirib: "Şəkil çəkdirməsəydim, dostlarım maşınımı vuran adamın Zidan olduğuna inanmayacaqdı. O, papağını çıxardı və mənimlə şəkil çəkdirdi".