Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejimi işə başlayacaq.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib.
Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan, yaxud qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada miqrantların uşaqları rus dili testindən keçə bilməyəcəyi və məktəbə qəbul ola bilməyəcəyi təqdirdə onlara cərimə tətbiq ediləcək.
Həmçinin mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.