İran ABŞ Prezidenti Donald Trampla birbaşa danışıqlar üçün əsas görmür.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Al Jazeera" telekanalına açıqlama verib.
"Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən buna əsas görmürəm. Lakin əlbəttə ki, onların hansı siyasət yürüdəcəyinə, dialoq üçün əsasın yaranıb-yaranmayacağına baxmalıyıq", - deyə Əraqçı bildirib.
O əlavə edib ki, keçmişdə İranın Birləşmiş Ştatlarla birbaşa əlaqələri olub və bu, nüvə sazişinin bağlanmasına şans yaradıb, lakin məhz Tramp bu sazişi pozub.
Bununla yanaşı, Əraqçı qeyd edib ki, dialoqun bərpası üçün Vaşinqton dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasına gedə bilərdi - bu, İranla Birləşmiş Ştatlar arasında etimadın bərpasında ilk addım ola bilərdi.