Səudiyyə Ərəbistanının ictimai təhlükəsizlik xidməti həcc qayda və təlimatlarını pozan zəvvarlara qarşı cərimələr tətbiq etməyə başlayıb.
Bu barədə "Saudi Press" Agentliyi (SPA) xəbər verib.
Bildirilir ki, həcc qanununun əhatə etdiyi ərazilərə Məkkə şəhəri, mərkəzi ərazi, müqəddəs yerlər, Hərəmeyn dəmir yolu stansiyası, nəzarət-buraxılış məntəqələri, yoxlama mərkəzləri və müvəqqəti təhlükəsizlik keçid məntəqələri daxildir.
İstər Səudiyyə Ərəbistanı vətəndaşı, istər Krallığın daimi sakini, istərsə də gəlmə olsun - həcc qaydalarını pozan hər hansı bir şəxs 2,7 min dollar cərimələnəcək. Qeyri-vətəndaşlar öz ölkələrinə deportasiya ediləcək və onlara müəyyən müddət ərzində Səudiyyə Ərəbistanına yenidən daxil olmaq qadağan ediləcək.
Həmçinin bildirilib ki, təkrar cinayət törədənlər üçün cərimələr ikiqat artırılacaq.
Qaydalar 20 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.