HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI
Bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyi baxımından əhəmiyyətlidir. Bununla belə, vaxt azlığı, maddi çətinliklər və sağlamlıqla bağlı məlumat çatışmazlığı profilaktik müayinələrin gecikməsinə səbəb ola bilər. Qadınların profilaktik müayinələrə vaxtında müraciət etməsinə mane olan əsas amillər hansılardır və erkən diaqnostikanı təşviq etmək üçün nə edilməlidir?
Məsələ ilə bağlı Median.Az-ın sualını cavablandıran tanınmış ginekoloq Rəşad Sultan bildirib ki, bu gün həm dünya səhiyyəsində, həm də Azərbaycanda tibbin qarşısında duran əsas vəzifələrdən biri məhz xəstəliklərin profilaktikasıdır:
Məsələ ilə bağlı Median.Az-ın sualını cavablandıran tanınmış ginekoloq Rəşad Sultan bildirib ki, bu gün həm dünya səhiyyəsində, həm də Azərbaycanda tibbin qarşısında duran əsas vəzifələrdən biri məhz xəstəliklərin profilaktikasıdır:
“Artıq dünyada belə bir yanaşma formalaşıb ki, həkimin və tibb işçisinin vəzifəsi yalnız kabinetdə xəstəni qəbul etmək və onu müalicə etməklə məhdudlaşmır. Onların əsas vəzifələrindən biri də xəstəliklərin qarşısının alınması istiqamətində fəaliyyət göstərməkdir. Əslində, keçmiş sovet səhiyyə sistemində də belə bir yanaşma mövcud idi. Lakin bazar iqtisadiyyatına və yeni idarəetmə modelinə keçiddən sonra bu müsbət təcrübə müəyyən mənada arxa plana keçdi. Profilaktik fəaliyyət dedikdə, ilk növbədə, xəstəliklərin yaranma səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu zaman həm fərdi, həm ictimai, həm də siyasi və qlobal amillər nəzərə alınmalı, həmin səbəblərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir. Bu gün mənim çalışdığım Qarabağ Universitetinin Tibb fakültəsində də əsas məqsədlərimizdən biri məhz bu yanaşmaya əsaslanan, cəmiyyətin sağlamlığının qorunmasında fəal iştirak edən həkimlər yetişdirməkdir. Təhsil proqramımızı da bu prinsip əsasında qurmuşuq. Xüsusilə icma əsaslı tibb təhsilinə üstünlük veririk”.
O qeyd edib ki, qadınlarda bir sıra xəstəliklərin, o cümlədən onkoloji, hamiləliklə bağlı və ümumi ginekoloji problemlərin yaranma səbəbləri, eləcə də risk faktorları məlumdur:“Bu xəstəliklərin qarşısını almaq üçün müəyyən profilaktik tədbirlərin həyata keçirilməsi mümkündür. Məsələn, cinsi yolla keçən xəstəliklər bu baxımdan böyük bir qrupu təşkil edir. Onların profilaktikasında qoruyucu vasitələrdən istifadə, bu vasitələrin təbliği və əhali arasında düzgün məlumatlandırma mühüm rol oynayır. Digər mühüm istiqamət hamiləlik patologiyaları ilə bağlı risklərin vaxtında müəyyənləşdirilməsidir. Riskli hamiləliklərin erkən aşkarlanması və müvafiq tibbi nəzarətin təmin olunması Səhiyyə Nazirliyinin protokollarında da nəzərdə tutulan məsələlərdəndir. Hamiləlik və ana ölümü ilə bağlı problemlər isə daim diqqət mərkəzində saxlanılmalıdır. Onkoloji xəstəliklərin profilaktikası sahəsində də son 20-30 ildə ciddi irəliləyişlər əldə olunub. Məsələn, uşaqlıq boynu xərçənginin yaranmasında insan papillomavirusunun (HPV) rolunun müəyyənləşdirilməsi bu xəstəliyin qarşısının alınması istiqamətində yeni imkanlar yaradıb. Artıq virusdan qorunmaqla yanaşı, ona qarşı peyvənd vasitəsilə də profilaktika aparmaq mümkündür. Bu məsələ bütün dünyada gündəmdədir. Azərbaycanda da sözügedən peyvəndin dövlət tərəfindən tətbiq olunmasını gözləyirik. Bunun reallaşması artıq zaman məsələsidir. Bundan başqa, günümüzün əsas sağlamlıq problemlərindən biri də piylənmədir. Piylənmə bir çox digər xəstəliklərlə yanaşı, qadın sağlamlığına da ciddi təsir göstərir. Sonsuzluqdan tutmuş onkoloji xəstəliklərə qədər bir sıra problemlərin yaranmasında risk faktoru ola bilər. Buna görə də piylənmə ilə mübarizə qadın xəstəliklərinin profilaktikasında da mühüm istiqamətlərdən biridir”.
