Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur

30.10.2026 15:24 843
Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur
Azərbaycanda gələn il aprelin 1-dən vətəndaşlar əməkhaqqı hesablarını əlavə ödəniş etmədən istədikləri banka köçürə biləcəklər. Bu yenilik maaş kartlarının verilməsi və istifadəsi ilə bağlı mövcud yanaşmada dəyişiklik yaradaraq bank müştərilərinə seçim azadlığı qazandıra bilər.

İndiyədək bir çox hallarda işçilər əməkhaqlarını işlədikləri müəssisənin əməkdaşlıq etdiyi bank vasitəsilə alırdılar. Yeni mexanizmin tətbiqi isə banklar arasında rəqabətin güclənməsi, xidmət haqlarının və komissiyaların dəyişməsi, müştərilərə təklif olunan şərtlərin yaxşılaşması baxımından yeni imkanlar yarada bilər.

Bəs bu dəyişiklik vətəndaşların bank xidmətlərindən istifadəsinə necə təsir edəcək? Banklar müştəriləri cəlb etmək üçün daha sərfəli şərtlər təklif etməyə məcbur qalacaqlarmı? Yeni mexanizm əməkhaqqı kartlarından tutulan komissiyalara da təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən bank məsələləri üzə mütəxəssis-ekspert Əkrəm Həsənov bildirib:
Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur
"Bu günkü vəziyyət qanunsuzdur. Çünki bank kartı bank hesabına bağlıdır. Mülki Məcəlləyə görə də bank hesabı müqaviləsi könüllü bağlanır. Ümumiyyətlə, hər hansı xidmət, hər hansı müqavilə könüllü olmalıdır. Heç kəsə maaşda, pensiyada bank seçimini diqtə etmək olmaz".
Bu məsələni dəfələrlə Mərkəzi Bankın görüşlərində qaldıran mütəxəsis əlavə edib:
"Təbii ki, yeni qayda müştərilərə azadlıq verəcək. Hansı bankın keyfiyyəti, tarifləri vətəndaşı qane edirsə, əməkhaqqını həmin bankdan ala biləcək. Hətta vətəndaş bankı istənilən vaxt dəyişə də bilər. İşəgötürən də maaşı həmin banka köçürməyə məcbur olacaq".
Başqa bir üstünlükdən də bəhs edən Əkrəm Həsənov qeyd edib:
"Bəzən əməkhaqqı kartı olan vətəndaşlardan banklar kredit məsələsində sui-istifadə edirlər. Vətəndaşın həmin banka borcu varsa, krediti kecikdirirsə, bank borcu olan şəxsin maaşından pul, faiz, cərimə tutur. Halbuki adi qaydada məhkəməyə verilməli və məhkəmə bu məsələyə qiymət verməlidir. Bunun da qarşısı alınacaq".
Əkrəm Həsənov sonda vurğulayıb ki, bütövlükdə banklar arasında rəqabətin artması Mərkəzi Bankın əsas maraqlarındadır. Onsuz da bir neçə bank da əməkhaqqı kartları verir və özlərini də rahat hiss edirlər. Çünki istədikləri qədər komissiya müəyyənləşdirirlər. Bu halda kredit likvidlik də çox olur. İndi isə banklar vətəndaş uğrunda mübarizə aparmağa maraqlı olacaq. Böyük banklarımızın keyfiyyəti bu sarıdan çox bərbaddırlar. Lakin orta banklar yaxşıdır. Bu baxımdan da komissiyalar, kredit faizləri düşə bilər. Ümid edirəm ki, tezliklə Mərkəzi Bank növbəti dəfə pensiya məsələsinə də keçsin.

Son xəbərlər