Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA
Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək. Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bütün yeni binalar üçün elektrik istilik nasoslarının olması ilə bağlı qaydaların müəyyən edilməsi, istilik nasoslarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılmasınn təşviqi də nəzərdə tutulan tədbirlər siyahısındadır. Ümumilikdə, bütün binalarda 2060-cı ilə qədər elektrikli istilik nasoslarının payının 100%-nə nail olunması təmin edilməlidir.
Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda 2060-cı ilə qədər binaların istilik sistemlərinin və qaz sobalarının elektriklə işləyən alternativlərlə əvəzlənməsi texniki baxımdan mümkündür:
Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda 2060-cı ilə qədər binaların istilik sistemlərinin və qaz sobalarının elektriklə işləyən alternativlərlə əvəzlənməsi texniki baxımdan mümkündür:
“Lakin bunun bütün ölkə üzrə həyata keçirilməsi kifayət qədər böyük maliyyə və infrastruktur sərmayəsi tələb edir. Burada əsas məsələ qaz cihazlarını elektrik avadanlıqları ilə əvəz etmək deyil, elektrik enerjisinin istehsalından tutmuş onun mənzillərə çatdırılmasına qədər bütün sistemin yenidən qurulmasıdır. Məncə, bu hədəfə mərhələli şəkildə çatmaq mümkündür, amma bütün evlərin eyni vaxtda və eyni texnologiya ilə elektrikləşdirilməsi real görünmür. Azərbaycanın iqlim şəraiti, yaşayış binalarının texniki vəziyyəti, əhalinin gəlirləri və regionlar üzrə infrastruktur fərqləri nəzərə alınmalıdır. Beynəlxalq Enerji Agentliyinin (IEA) 2024-cü il hesabatına görə, Azərbaycanda yaşayış binalarında istifadə edilən enerjinin 83 faizi təbii qazın payına düşür. Ölkədə məkanların qızdırılmasının təxminən 99 faizi qaz hesabına təmin edilir, yaşayış binalarının 80 faizindən çoxunda qazla işləyən qazanlardan istifadə olunur. Bu rəqəmlər keçidin nə qədər böyük dəyişiklik tələb etdiyini göstərir”.
O qeyd ediib ki, ən real alternativ istilik nasoslarıdır:“Bu qurğular adi elektrik qızdırıcılarından fərqli olaraq elektrik enerjisini birbaşa istiliyə çevirməklə kifayətlənmir, havadan və ya torpaqdan istilik götürərək onu binaya ötürür. Buna görə sərf edilən hər bir kilovat-saat elektrik enerjisi müqabilində bir neçə kilovat-saat istilik əldə etmək mümkündür. Lakin bunun səmərəliliyi havanın temperaturundan, binanın izolyasiyasından və sistemin düzgün layihələndirilməsindən asılıdır. Yeni tikilən binalarda bu texnologiyalara keçid daha asan olacaq. Mövcud binalarda isə istilik izolyasiyasının gücləndirilməsi, radiator və boru sistemlərinin uyğunlaşdırılması, elektrik xətlərinin yenilənməsi tələb oluna bilər. Xüsusilə köhnə çoxmənzilli binalarda hər mənzilə ayrıca güclü elektrik qızdırıcısı quraşdırmaq əvəzinə, mərkəzləşdirilmiş və ya ümumi istilik nasoslarından istifadə etmək daha səmərəli ola bilər. Əhali üçün əlavə xərc məsələsi isə ciddi əhəmiyyət daşıyır. Elektrik plitəsi almaq, elektrik şəbəkəsini gücləndirmək və istilik sistemini dəyişmək ilkin investisiya tələb edir. İstilik nasoslarının alınması və quraşdırılması da adi qaz kombisi ilə müqayisədə daha baha başa gələ bilər”.
Sədr sonda qeyd edib ki, yaxşı izolyasiya edilmiş binada istilik nasosu enerji xərclərini azalda bilər:“Ancaq bunun konkret ailə üçün nə qədər qənaət yaradacağı elektrik və qaz tariflərindən, avadanlığın qiymətindən və mənzilin istilik itkilərindən asılıdır. Yemək bişirməkdə elektrikə keçid texniki cəhətdən daha asandır. Xüsusilə induksiya plitələri səmərəli işləyir. Lakin elektrik tarifləri qazla müqayisədə ev təsərrüfatı üçün daha əlverişsiz olarsa, vətəndaşın könüllü şəkildə bu dəyişikliyə getməsi çətinləşəcək. Keçid təkcə texnologiya məsələsi deyil, həm də tarif və sosial siyasət məsələsidir. Təbii qazdan istifadənin əhəmiyyətli dərəcədə azaldılması mümkündür, amma elektrik enerjisinin hansı mənbələrdən istehsal olunması da vacibdir. Əgər qazla işləyən elektrik stansiyalarının istehsalı artarsa, evlərdə qaz istehlakı azalsa belə, qazdan asılılıq tam aradan qalxmayacaq. Buna görə günəş və külək enerjisinin inkişafı, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması paralel aparılmalıdır. IEA-nın yol xəritəsində 2040-cı ilə qədər mövcud binaların illik ən azı 1,5 faizinin yenilənməsi, yeni binaların isə yüksək enerji səmərəliliyi standartlarına uyğunlaşdırılması tövsiyə edilir. Agentlik istilik nasoslarının tətbiqini, güzəştləri və enerji səmərəliliyi üçün maliyyələşdirmə mexanizmlərini də vacib hesab edir. 2060-cı ilə qədər bu hədəfə yaxınlaşmaq realdır, ancaq bunun üçün ardıcıl dövlət proqramı lazımdır. Əhaliyə güzəştli kreditlər və subsidiyalar verilməli, aztəminatlı ailələrin xərcləri qorunmalı, binaların izolyasiyası yaxşılaşdırılmalı və elektrik şəbəkəsi artan tələbatı qarşılamağa hazırlanmalıdır. Əks halda, keçid vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyar və proses gözləniləndən xeyli ləng gedər. Əsas prinsip budur: qaz cihazlarını elektrik cihazları ilə əvəzləmək öz-özlüyündə enerji səmərəliliyi demək deyil. Əsl nəticə yalnız daha az enerji sərf edən binalar, səmərəli istilik sistemləri və bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisi birlikdə tətbiq edildikdə əldə oluna bilər”.
