Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?
Son günlər mediada səsləndirilən xəbərlərdən biri də şagirdlərin dərsə gəlməməsinə görə valideynlərin cərimələnməsidir. Şagirdlərin dərsə davamiyyəti təhsil prosesinin əsas məsələlərindən biridir. Bəzi hallarda uşaqların üzrlü səbəb olmadan dərsləri buraxması, valideynlərin isə bu məsələyə kifayət qədər nəzarət etməməsi müzakirələrə səbəb olur. Belə vəziyyətlərdə valideynlərin hansı hüquqi məsuliyyət daşıdığı da maraq doğurur.
Qeyd edək ki, Azərbaycanda şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynin 100 manat cərimələnməsini nəzərdə tutan xüsusi norma 2016-cı ildə ləğv edilib. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi valideynlərin yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməməsinə görə xəbərdarlıq edilməsini və ya 40–60 manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.
Bəs şagirdin dərsə davamiyyəti hansı qaydada tənzimlənməlidir? Valideyn hansı hallarda məsuliyyət daşıya bilər? Davamiyyəti artırmaq üçün cərimələr nə dərəcədə effektiv vasitədir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib:
"Məktəblərdə şagirdlərin dərsə davamiyyəti və bu prosesdə valideynlərin hüquqi məsuliyyəti məsələləri təhsilin keyfiyyəti və sosial nizam-intizam baxımından aktual müzakirə mövzularından biridir. Şagirdlərin üzrlü səbəb olmadan dərsləri buraxması həm onların akademik göstəricilərinə mənfi təsir göstərir, həm də ailə-məktəb münasibətlərində məsuliyyət bölgüsü məsələsini gündəmə gətirir. Bu istiqamətdə davamiyyətin tənzimlənməsi qaydaları, valideynlərin hüquqi öhdəlikləri və cərimə mexanizmlərinin effektivliyi məsələsinə pedaqoji və hüquqi prizmadan yanaşmaq lazımdır.
İlqar Orucovun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şagirdin dərsə davamiyyəti birbaşa təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları və müvafiq əsasnamələrlə tənzimlənir. Şagird dərs buraxdıqda bunun səbəbi (xəstəlik, ailə vəziyyəti və s.) rəsmi sənədlə təsdiq edilməlidir.
Sədr əlavə edib ki, qanunvericilikdə bir ay ərzində konkret gün sayına görə (məsələn, 2016-cı ildə ləğv edilmiş 7 gün norması kimi) birbaşa cərimə mexanizmi olmasa da, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi ümumi hüquqi çərçivəni müəyyən edir. Bu maddəyə görə, valideynlərin yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməməsi xəbərdarlığa və ya 40 manatdan 60 manatadək məbləğdə cəriməyə səbəb olur. Yəni, əgər valideyn uşağın icbari ümumi orta təhsil almasını təmin etmirsə və onun məktəbə getməməsinə tamamilə laqeyd yanaşırsa, bu maddə üzrə hüquqi məsuliyyət yarana bilər.
Alim qeyd edib ki, davamiyyəti artırmaq üçün inzibati cərimələrin tətbiq edilməsi beynəlxalq təcrübədə də istifadə olunan və kifayət qədər sərt tənzimlənən bir vasitədir. Məsələn, Böyük Britaniyada şagird üzrsüz səbəbdən ardıcıl və ya ümumilikdə 5 gün dərs buraxdıqda valideynə hər bir uşaq üçün 80 funt-sterlinq cərimə kəsilir, təkrarlanarsa məsələyə məhkəmə müstəvisində aydınlıq gətirilir və 3 ayadək həbs cəzası tətbiq edilə bilir. Almaniyada isə icazəsiz dərs buraxmaya görə ailələrə 1000 avrodan 2500 avroyadək irihəcmli cərimələr tətbiq olunur, hətta tətil ərəfələrində polis aeroportlarda məktəbyaşlı uşaqları olan ailələri yoxlayır. ABŞ-da "Dərsdən yayınma qanunları" çərçivəsində məsələ birbaşa ixtisaslaşmış məhkəmələrə yönləndirilir, Fransa və Avstriyada isə xroniki davamiyyətsizliyə görə valideynləri həm böyük məbləğdə pul, həm də azadlıqdan məhrumetmə cəzaları gözləyir.
İlqar Orucovun fikrincə, göründüyü kimi, qabaqcıl dünya təcrübəsində cərimələr sadəcə bir maliyyə sanksiyası deyil, dövlətin uşaqların təhsil hüququnu valideynin laqeydliyindən qorumaq üçün istifadə etdiyi ən təsirli inzibati tənzimləmə alətidir.
"Unutmaq olmaz ki, inzibati cərimələr təkbaşına problemin kökünü hər zaman tam həll etmir. Davamiyyət problemləri çox vaxt uşağın psixoloji vəziyyəti, məktəb mühitinə adaptasiyası və ya ailənin sosial-iqtisadi çətinlikləri ilə bağlı olur. Bu səbəbdən beynəlxalq təcrübədə də qeyd olunduğu kimi, cəza mexanizmləri yalnız məktəb-valideyn-psixoloq üçbucağında qurulan profilaktik işlərlə, maarifləndirmə və sosial dəstək proqramları ilə paralel tətbiq edildikdə uzunmüddətli və effektiv nəticə verə bilər", — deyə mütəxəssis vurğulayıb.
"Düşünürəm ki, hüquqi sanksiyalar valideyn məsuliyyətini artırmaq üçün mühüm xəbərdarlıqedici rol oynasa da, əsas hədəf uşağı cəza qorxusu ilə deyil, sağlam təhsil mühiti yaratmaqla məktəbə qazandırmaq olmalıdır", — İ. Orucov fikirlərini yekunlaşdırıb.
Dəniz Pənahova
Median.Az
Qeyd edək ki, Azərbaycanda şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynin 100 manat cərimələnməsini nəzərdə tutan xüsusi norma 2016-cı ildə ləğv edilib. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi valideynlərin yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməməsinə görə xəbərdarlıq edilməsini və ya 40–60 manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.
Bəs şagirdin dərsə davamiyyəti hansı qaydada tənzimlənməlidir? Valideyn hansı hallarda məsuliyyət daşıya bilər? Davamiyyəti artırmaq üçün cərimələr nə dərəcədə effektiv vasitədir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib:
"Məktəblərdə şagirdlərin dərsə davamiyyəti və bu prosesdə valideynlərin hüquqi məsuliyyəti məsələləri təhsilin keyfiyyəti və sosial nizam-intizam baxımından aktual müzakirə mövzularından biridir. Şagirdlərin üzrlü səbəb olmadan dərsləri buraxması həm onların akademik göstəricilərinə mənfi təsir göstərir, həm də ailə-məktəb münasibətlərində məsuliyyət bölgüsü məsələsini gündəmə gətirir. Bu istiqamətdə davamiyyətin tənzimlənməsi qaydaları, valideynlərin hüquqi öhdəlikləri və cərimə mexanizmlərinin effektivliyi məsələsinə pedaqoji və hüquqi prizmadan yanaşmaq lazımdır.
İlqar Orucovun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şagirdin dərsə davamiyyəti birbaşa təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları və müvafiq əsasnamələrlə tənzimlənir. Şagird dərs buraxdıqda bunun səbəbi (xəstəlik, ailə vəziyyəti və s.) rəsmi sənədlə təsdiq edilməlidir.
Sədr əlavə edib ki, qanunvericilikdə bir ay ərzində konkret gün sayına görə (məsələn, 2016-cı ildə ləğv edilmiş 7 gün norması kimi) birbaşa cərimə mexanizmi olmasa da, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi ümumi hüquqi çərçivəni müəyyən edir. Bu maddəyə görə, valideynlərin yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməməsi xəbərdarlığa və ya 40 manatdan 60 manatadək məbləğdə cəriməyə səbəb olur. Yəni, əgər valideyn uşağın icbari ümumi orta təhsil almasını təmin etmirsə və onun məktəbə getməməsinə tamamilə laqeyd yanaşırsa, bu maddə üzrə hüquqi məsuliyyət yarana bilər.Alim qeyd edib ki, davamiyyəti artırmaq üçün inzibati cərimələrin tətbiq edilməsi beynəlxalq təcrübədə də istifadə olunan və kifayət qədər sərt tənzimlənən bir vasitədir. Məsələn, Böyük Britaniyada şagird üzrsüz səbəbdən ardıcıl və ya ümumilikdə 5 gün dərs buraxdıqda valideynə hər bir uşaq üçün 80 funt-sterlinq cərimə kəsilir, təkrarlanarsa məsələyə məhkəmə müstəvisində aydınlıq gətirilir və 3 ayadək həbs cəzası tətbiq edilə bilir. Almaniyada isə icazəsiz dərs buraxmaya görə ailələrə 1000 avrodan 2500 avroyadək irihəcmli cərimələr tətbiq olunur, hətta tətil ərəfələrində polis aeroportlarda məktəbyaşlı uşaqları olan ailələri yoxlayır. ABŞ-da "Dərsdən yayınma qanunları" çərçivəsində məsələ birbaşa ixtisaslaşmış məhkəmələrə yönləndirilir, Fransa və Avstriyada isə xroniki davamiyyətsizliyə görə valideynləri həm böyük məbləğdə pul, həm də azadlıqdan məhrumetmə cəzaları gözləyir.
İlqar Orucovun fikrincə, göründüyü kimi, qabaqcıl dünya təcrübəsində cərimələr sadəcə bir maliyyə sanksiyası deyil, dövlətin uşaqların təhsil hüququnu valideynin laqeydliyindən qorumaq üçün istifadə etdiyi ən təsirli inzibati tənzimləmə alətidir.
"Unutmaq olmaz ki, inzibati cərimələr təkbaşına problemin kökünü hər zaman tam həll etmir. Davamiyyət problemləri çox vaxt uşağın psixoloji vəziyyəti, məktəb mühitinə adaptasiyası və ya ailənin sosial-iqtisadi çətinlikləri ilə bağlı olur. Bu səbəbdən beynəlxalq təcrübədə də qeyd olunduğu kimi, cəza mexanizmləri yalnız məktəb-valideyn-psixoloq üçbucağında qurulan profilaktik işlərlə, maarifləndirmə və sosial dəstək proqramları ilə paralel tətbiq edildikdə uzunmüddətli və effektiv nəticə verə bilər", — deyə mütəxəssis vurğulayıb. "Düşünürəm ki, hüquqi sanksiyalar valideyn məsuliyyətini artırmaq üçün mühüm xəbərdarlıqedici rol oynasa da, əsas hədəf uşağı cəza qorxusu ilə deyil, sağlam təhsil mühiti yaratmaqla məktəbə qazandırmaq olmalıdır", — İ. Orucov fikirlərini yekunlaşdırıb.
Dəniz Pənahova
Median.Az