Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)
Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-si saat 20:30-da 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub:
"Bazu sümüyünün və döş qəfəsinin arxa divarının açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
* * * * *
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.
Hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.