Mojo.az Banner
18:37 Pakistanda dəhşətli faciə: Tədris mərkəzinin damı uçdu, uşaqlar həlak oldular  |     18:13 "Beniz"in məhkəmə istintaqı yekunlaşır  |     17:26 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı  |     17:06 Zibilliyin yanından keçərkən burnunu tutdu, velosipedçini vurub öldürdü - Lənkərandakı qəzanın TƏFƏRRÜATI  |     16:39 İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi  |     16:30 Genişmiqyaslı korrupsiya əməliyyatı: Deputatın evindən qızıldan alt paltarı tapıldı (FOTO)  |     16:23 Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ  |     16:01 Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy  |     15:58 Azərbaycan neçə erməni hərbçinin qalıqlarını təhvil verib?  |     15:49 Yeni binadan ev və ya obyekt alanların DİQQƏTİNƏ - ALİ MƏHKƏMƏDƏN TÖVSİYƏ  |     15:23 Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO  |     15:21 Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nazirlər nələri müzakirə etdilər?  |     15:20 Bakıda kişi telefonuna baxan arvadını döydü  |     15:17 Rusiya ordusu yeni əraziləri nəzarətə götürdü  |     15:15 Bakıda 47 yaşlı kişi evində ölü tapıldı  |     15:13 Günəşdə güclü partlayışlar baş verib  |     15:11 Onlayn qumar oyunlarının keçirilməsinə görə CƏZALAR SƏRTLƏŞDİRİLİR  |     15:10 Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     15:09 Alyona Əliyeva internat məktəbində uşaqlarla görüşdən paylaşım edib - FOTO  |     15:06 Sürücülərin NƏZƏRİNƏ: Bakının iki əsas yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ - FOTO  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ

30.06.2026 14:56 201
Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ
Milli Məclis Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələri son oxunuşda qəbul edib.

Parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliklər layihəsi müzakirə edilib.

Layihəyə əsasən, Azərbaycanda şəxslərin sosial platformada qeydiyyatına dair tələblər müəyyənləşir.

Qeyd olunur ki, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

- şəxsin yaşının bəyan edilməsi;

- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

Qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərti ilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçiriləcək.

Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında nəzərdə tutulmayan və Azərbaycan Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə biləcək.

Nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin olunacaq.

16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə ediləcək. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.

Həmçinin ölkə ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.

Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

Xarici hüquqi şəxs olan provayderin Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəlik ölkə ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.

Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu qanunun 13-4-cü maddəsində qeyd edilən tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları beş iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.

Bu qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbi bu qanunun 13-4.1-ci maddəsində qeyd edilən siyahıya daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra altı ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

- provayderə yazılı xəbərdarlıq olunur;

- xəbərdarlıqdan sonra 30 gün ərzində müvafiq tələbin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

- nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 300 000 manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;

- nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olunur;

- qadağanın tətbiq edildiyi tarixdən sonra 90 gün ərzində bu qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;

- göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 faiz azaldılması təmin edilir;

- göstərilən tədbirin tətbiqindən sonra 60 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 faiz azaldılması təmin edilir.

Maliyyə sanksiyaları dörddəbir məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddəüç hissəsi geri qaytarılır) və göstərilən məhdudiyyətlər 24 saat ərzində aradan qaldırılır.

Müraciətə məhkəmə beş gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra altı ay ərzində icra edildikdə şamil olunur.

Bundan başqa, Azərbaycanda provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr yaranarsa, təkrar yaş yoxlanılmasını təmin etməlidir.

Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır.

Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:

- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;

- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

Provayder yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

Bundan başqa, provayder 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına münasibətdə platformadan istifadə ilə bağlı aşağıdakı texniki və təhlükəsizlik tədbirlərini təmin etməlidir:

- istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi;

- fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;

- fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi;

- fərdi rəqəmsal hesablarda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması.

16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

Provayder hər təqvim ili üzrə nəzərdə tutulmuş tələblərin icrası, habelə fərdi rəqəmsal hesabın yaradılmasından imtina hallarının statistikası barədə illik məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti ilin yanvarın 15-dək təqdim etməlidir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) platformalardan bu Qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirirlər.

Həmçinin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən, məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən beş iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər.

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

- fərdi rəqəmsal hesabın yaradılması zamanı müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya müəyyən edilmiş tələbləri pozulmaqla tətbiq edilməsinə;

- 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

- 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

- toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

- fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilirlər.

Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə olunurlar.

Qeyd edək ki, qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minəcək.скачать dle 11.3
Mojo.az Banner