Bankda pul saxlayanlar bunu mütləq bilməlidir
Əmanətlər vətəndaşların vəsaitlərini saxlamaq və gəlir əldə etmək üçün istifadə etdiyi əsas maliyyə alətlərindəndir. Bununla belə, əmanətin sığortalanma şərtləri, faiz hədləri və bankın maliyyə vəziyyəti vəsaitin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda bank əmanətlərinin sığortalanması hansı şərtlərlə həyata keçirilir, hansı əmanətlər qorunur və vətəndaş bank seçərkən nələrə diqqət etməlidir?
Bu barədə maliyyə-bank eksperti Xəyal Məmməd Median.Az-a deyib ki, bank əmanətləri vətəndaşların pullarını qorumaq və əlavə gəlir əldə etmək üçün istifadə etdiyi əsas maliyyə vasitələrindən biridir:
Bu barədə maliyyə-bank eksperti Xəyal Məmməd Median.Az-a deyib ki, bank əmanətləri vətəndaşların pullarını qorumaq və əlavə gəlir əldə etmək üçün istifadə etdiyi əsas maliyyə vasitələrindən biridir:
“Lakin əmanət yerləşdirərkən yalnız faiz gəlirinə deyil, həmin vəsaitin sığortalanıb-sığortalanmadığına da diqqət yetirmək lazımdır. Azərbaycanda əmanətlərin sığortalanması Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilir. Əmanətin sığorta şərtlərinə uyğun olması vacibdir. Sığortalanan əmanətlər üzrə kompensasiya hər bir iştirakçı bank üçün maksimum 100 min manat təşkil edir. Bununla yanaşı, əmanətin faiz dərəcəsi və digər şərtləri də sığorta təminatına uyğun olmalıdır. Vətəndaşlar bank seçərkən ilk növbədə həmin bankın Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olub-olmadığını araşdırmalıdırlar”.
O qeyd edib ki, müqavilənin şərtləri, faizlərin hesablanması qaydası və əmanətin vaxtından əvvəl götürülməsi zamanı tətbiq olunan tələblər də nəzərə alınmalıdır:“Bəzən vətəndaşlar daha yüksək gəlir əldə etmək məqsədilə yüksək faiz təklif edən banklara üstünlük verirlər. Ancaq yüksək faiz həmişə daha sərfəli və təhlükəsiz seçim demək deyil. Əsas məsələ həm gəlirliliyi, həm də vəsaitin qorunmasını təmin edən düzgün qərar verməkdir. Böyük məbləğdə əmanəti olan şəxslər isə sığorta limitini nəzərə alaraq vəsaitlərini müxtəlif iştirakçı banklar arasında bölüşdürməyi də düşünə bilərlər”.
