Qiymətlər niyə durmadan artır? - Problemin ƏSAS SƏBƏBLƏRİ AÇIQLANDI
Niderlandın ən böyük maliyyə qrupu olan ING Group-un son proqnozlarına görə Azərbaycanda inflyasiya göstəriciləri növbəti illərdə də yüksək səviyyədə qalacaq və əvvəlki gözləntilərlə müqayisədə artım tendensiyası göstərir. Rəsmi qurumların açıqlamaları ilə beynəlxalq maliyyə institutlarının proqnozları arasında müəyyən fərqlər diqqət çəkir. Ümumilikdə isə illik inflyasiyanın 5 faizdən yuxarı olması qiymət artımının davam edəcəyini göstərir. Son 7-8 ildə müşahidə olunan bu davamlı bahalaşma artıq sabit bir iqtisadi tendensiyaya çevrilib. Qiymət artımına daha çox daxili amillər təsir edir, yoxsa qlobal iqtisadi proseslər? Bu artımın qarşısını almaq üçün hansı iqtisadi addımlar atılmalıdır?
Mövzu ilə bağlı Median.Az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, Azərbaycanda mövcud inflyasiya dinamikası artıq iqtisadi tsiklik dalğalanma deyil, struktur pozuntularla müşayiət olunan davamlı qiymət artımı modelinə çevrilib. Rəsmi və beynəlxalq qiymətləndirmələr arasında fərqlərin artması isə real iqtisadi vəziyyətlə statistik göstəricilər arasında uyğunsuzluğun dərinləşdiyini göstərir.
Onun sözlərinə görə, aparıcı beynəlxalq maliyyə institutlarının, o cümlədən adını çəkdiyiniz maliyə qurumunun, eyni zamanda biz yerli ekspertlərin də proqnozları Azərbaycanda inflyasiyanın yaxın illərdə də yüksək qalacağını göstərir:
“Bu artıq müvəqqəti şoklarla deyil, sistemli iqtisadi səmərəsizliklə bağlı olan bir prosesdir. Kim nə proqnoz verirsə versin, real vəziyyət göz önündədir. Artıq durum elə həddə çatıb ki, Dövlət Statistika Komitəsi reallığı gizlətməkdə çətinlik çəkir. Orta statistik Azərbaycan vətəndaşı bazardakı qiymətləri öz cibinin imkanları ilə müqayisə edərək vəziyyəti aydın görür. Biz bunu uzun müddətdir dilə gətiririk, indi isə beynəlxalq maliyyə institutları da eyni fikirləri səsləndirir. Məncə, Azərbaycanda inflyasiyanın yaxın illərdə yüksək səviyyədə qalacağını deməkdən daha çox, hazırkı iqtisadi model çərçivəsində iki rəqəmli inflyasiyadan yayınmağın demək olar ki, mümkünsüz olduğunu vurğulamaq daha doğru olar. Ümumilikdə, vəziyyət kifayət qədər kritikdir.”
A. İbrahimov qeyd edib ki, azərbaycanlı sahibkar hər hansı məhsulu özü istehsal etmək istədikdə, onun maya dəyəri yüksək olur:
“Belə olduqda sahibkar düşünür ki, yerli istehsal baha başa gəlirsə, eyni məhsulu iki dəfə ucuz qiymətə Çindən sifariş etmək daha sərfəlidir. İdxaldan asılılıq artdıqca isə artıq iqtisadi proseslərin gedişinə nəzarət etmək çətinləşir. Bu zaman Dövlət Gömrük Komitəsinin tarif siyasəti də ciddi rol oynayır. Təəssüf ki, bəzən tariflər qanunvericiliyin tələblərindən çox, qeyri-rəsmi yanaşmalar əsasında müəyyənləşdirilir. Nəticədə bundan ən çox zərər çəkən tərəf vətəndaş olur. Qarşıda isə iki seçim dayanır: ya daxili istehsalı inkişaf etdirərək rəqabət qabiliyyətimizi artırmalıyıq, ya da mövcud zəiflikləri qəbul edib Ümumdünya Ticarət Təşkilatına üzv olaraq bazarı daha açıq etməliyik. Bu halda daha rəqabətli və səmərəli istehsalçılar bazara daxil olub daha ucuz məhsullar təklif edə bilərlər”.
Ekspert hesab edir ki, Azərbaycanda inflyasiya artıq struktur xarakteri daşıyır:
“Son 7-8 ilin dinamizmi göstərir ki, qiymət artımı genişlənir, geriyə dönüş yoxdur və inflyasiya gözləntiləri “davranış norması”na çevrilib. Bu, klassik iqtisadi dildə desək, yapışqan inflyasiya (sticky inflation) deyil, institusional inflyasiya rejimi deməkdir. Bizim hal-hazırda əsas problem xarici yox, Azərbaycanda tətbiq olunan iqtisadi modeldir. Mövcud inflyasiya təzyiqlərinin əsas mənbəyi qlobal faktorlar deyil, daxili struktur mexanizmlərdir. Bu uğursuz idxaldan həddindən artıq asılılıq, zəif istehsal bazası, aşağı rəqabət mühiti, səmərəsiz qiymət formalaşma mexanizmləri, yüksək logistika və vasitəçilik xərcləri verib.
Bu şəraitdə yerli sahibkarın davranışı rasional olaraq istehsalı artırmaq deyil, idxala yönəlmək olur. Nəticədə iqtisadiyyat öz daxili dayanıqlığını itirir. Bazar mexanizmləri alt-üst edilib. Real sektorun strukturu onu göstərir ki, bəzi sahələrdə istehsal xərci idxal qiymətindən yüksəkdir, rəqabət deyil, qiymət uyğunlaşması hökm sürür, bazarımız “effektivlik” yox, “uyğunlaşma” üzərində işləyir. Bu isə klassik iqtisadi modeldə struktur qeyri-effektivlik adlanır. Mövcud tendensiyalara əsasən, növbəti 12 ay üçün inflyasiya 8-12 faiz diapazonundan aşağı enməyəcək. Bu göstərici artıq optimist ssenari deyil, minimal baza ssenaridir”.
Ekspert vurğulayıb ki, əmlak bazarında spekulyativ təzyiq zonası müşahidə olunmaqdadır:
“Daşınmaz əmlak sektorunun mənzil qiymətləri fazasında 12-15 faiz artım, torpaq bazarında isə 20-25 fazi artım ehtimalı olacaq. Bu da bazarın istehlak deyil, kapital yığımı və spekulyasiya mexanizminə çevrildiyini göstərir. Mövcud vəziyyət açıq şəkildə göstərir ki, problem təkcə inflyasiya deyil, problem Azərbaycanda tətbiq olunan iqtisadi modelin özüdür. Problemin səbəbini düz yerdə axtarmırıq. Qısamüddətli monetar tədbirlər bu vəziyyəti dəyişmək gücündə deyil. Əgər struktur dəyişikliklər həyata keçirilməzsə, inflyasiya daimi iqtisadi reallıq kimi qalacaq. İqtisadiyyatın hazırkı modeli ilə aşağı inflyasiya mümkün deyil, idxal asılılığı azalmır, istehsalımız isə rəqabətə tab gətirmir. Bu şərtlərdə əsas risk artıq inflyasiya deyil, uzunmüddətli iqtisadi səmərəsizlik və zəif artım rejiminə keçiddir.
A.İbrahimov sonda əlavə edib ki, vəziyyətin sabitləşdirilməsi üçün yerli istehsalın və emal sənayesinin gücləndirilməsi, rəqabət mühitinin genişləndirilməsi və antiinhisar tədbirlərinin sərtləşdirilməsi, pul-kredit və fiskal siyasətin daha balanslı və koordinasiyalı aparılması, idxal və logistika xərclərinin optimallaşdırılması və xüsusilə də Dövlət Gömrük Komitəsinin ləğv edilib, səlhaiyyətlərinin digər dövlət qurumları arasında bölüşdürülməsi istiqamətlərdə təxirəsalınmaz addımlar atılmalıdır:
“Çünki özümüz də görürük ki, həm beynəlxalq proqnozlar, həm də yerli ekspertlərin rəyləri göstərir ki, inflyasiyanın əsas səbəbi qlobal deyil, daxili struktur problemlərdir. Bu səbəbdən davamlı qiymət artımının qarşısını almaq üçün kompleks və dərin iqtisadi islahatların həyata keçirilməsi zəruridir”.
Mövzu ilə bağlı Median.Az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, Azərbaycanda mövcud inflyasiya dinamikası artıq iqtisadi tsiklik dalğalanma deyil, struktur pozuntularla müşayiət olunan davamlı qiymət artımı modelinə çevrilib. Rəsmi və beynəlxalq qiymətləndirmələr arasında fərqlərin artması isə real iqtisadi vəziyyətlə statistik göstəricilər arasında uyğunsuzluğun dərinləşdiyini göstərir.
Onun sözlərinə görə, aparıcı beynəlxalq maliyyə institutlarının, o cümlədən adını çəkdiyiniz maliyə qurumunun, eyni zamanda biz yerli ekspertlərin də proqnozları Azərbaycanda inflyasiyanın yaxın illərdə də yüksək qalacağını göstərir:“Bu artıq müvəqqəti şoklarla deyil, sistemli iqtisadi səmərəsizliklə bağlı olan bir prosesdir. Kim nə proqnoz verirsə versin, real vəziyyət göz önündədir. Artıq durum elə həddə çatıb ki, Dövlət Statistika Komitəsi reallığı gizlətməkdə çətinlik çəkir. Orta statistik Azərbaycan vətəndaşı bazardakı qiymətləri öz cibinin imkanları ilə müqayisə edərək vəziyyəti aydın görür. Biz bunu uzun müddətdir dilə gətiririk, indi isə beynəlxalq maliyyə institutları da eyni fikirləri səsləndirir. Məncə, Azərbaycanda inflyasiyanın yaxın illərdə yüksək səviyyədə qalacağını deməkdən daha çox, hazırkı iqtisadi model çərçivəsində iki rəqəmli inflyasiyadan yayınmağın demək olar ki, mümkünsüz olduğunu vurğulamaq daha doğru olar. Ümumilikdə, vəziyyət kifayət qədər kritikdir.”