Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

31.03.2026 12:01 600
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi (XİN) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bu gün, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür.

1918-ci ilin martında Bakı Sovetinin 6000 və "Daşnaksutyun" partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar "əksinqilabçılıqla mübarizə" pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Müstəqilliyimizin bərpasından sonra, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb.

Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!"

Son xəbərlər