Mojo.az Banner
22:30 Bosniya və Herseqovinada çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi  |     22:30 Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA  |     22:21 İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib  |     22:15 Tramp və Putin arasında telefon danışığı olub  |     22:09 Türkiyədə narkotik əməliyyatı: Jurnalist və sosial media fenomeni həbs edildilər  |     22:02 Sumqayıtın "Yaşıldərə" massivindən ŞİKAYƏT: Sakinlərin yol və marşrut PROBLEMİ  |     21:54 Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR? - AÇIQLAMA  |     21:46 Alim Qasımovun nəvəsinin toy tarixi dəyişdi  |     21:40 Xankəndidə bayram konserti keçirilib  |     21:32 DYP sürücü və piyadalara müraciət etdi  |     21:25 Bakıda zəncirvari qəza: üç avtobus toqquşdu  |     21:17 Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub  |     21:10 İranda təbii fəlakət səkkiz nəfərin həyatına son qoyub  |     21:03 Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib  |     20:55 Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...  |     20:48 Amerikalı məşhur müğənni milyarderlərin siyahısına düşdü  |     20:40 Zaqatalada qəza baş verdi, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət aldı  |     20:32 Sabiq deputat: "Nəvələrimi kənddən uzaqlaşdırmışam ki, gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar"  |     20:26 Masazırda fərdi yaşayış evində yanğın olub  |     20:21 Rusiya XİN: "Moskva Bakı ilə əlaqələri genişləndirmək niyyətindədir"  |    
Left Banner
Right Banner

32 ildir dərsə qayıqla gedib-gəlir

11.02.2025 21:52 600
32 ildir dərsə qayıqla gedib-gəlir
Həyatın elə yolları var ki, onları yalnız fədakar insanlar qət edə bilərlər. Müəllim olmaq təkcə bilik ötürmək deyil, həm də hər gün şagirdlərinin qəlbinə işıq salmaqdır. Bu, zəhmət, əzm və sevgi tələb edən bir yoldur. Mübariz Rüstəmov kimi müəllimlərin həyat yolu isə xüsusilə ilhamvericidir.

Median.Az
“Azərbaycan Müəllimi”nə istinadən xəbər verir ki, o, 1966-cı ildə Zərdabın Ağabağı kəndində doğulub, ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda alıb.

Bilik işığını ucqar kəndlərə daşımaq üçün Zərdab rayonunun ən ucqar kəndlərindən birində rus dili müəllimi kimi işə başlayıb, 1992-ci ildən isə İmişli rayonunun Ağamalılar kəndində çalışır. Burada onu hər gün bir sınaq gözləyir: məktəbə getmək üçün Kür çayını keçmək. Lakin Mübariz müəllim üçün bu, sadəcə fiziki maneə deyil. Bu çay onun fədakarlığının, iradəsinin və şagirdlərinə olan sevgisinin simvoludur.

“Təyinatımı Zərdabın ucqar kəndinə vermişdilər. Lakin sonradan öyrəndim ki, bizimlə qonşu olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerimi bura dəyişdim. Bizim kəndin məktəbi ibtidai məktəbdir. Kəndimizin uşaqları ibtidai məktəbi bitirdikdən sonra bir qədər aralıda yerləşən Kəndəbil kənd tam orta məktəbinə gedirlər. Orada da iş təklif etmişdilər, lakin bir az aralıda olduğundan mənim üçün çayı keçmək daha rahatdır”, - deyir Mübariz müəllim.

Hər səhər suların üzərindən keçib məktəbə tələsmək, bir sinif dolu gülərüz uşaqlara bilik vermək, onları sabaha ümidləndirmək - bu, yalnız əsl müəllimlərin bacardığı bir işdir. Mübariz müəllim bilirdi ki, o kimlərəsə lazımdır, kimlərinsə həyatına toxunur. Elə bu hiss də bütün çətinlikləri arxa plana keçirirdi.

Kənddə 2010-cu ilə qədər Kürü keçmək üçün bərə olub, lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Lakin Mübariz müəllim deyir ki, bərə olan vaxtı da o, dərs deməyə qayıqla gedib-gəlirdi, çünki bərənin yeri uzaqda idi...

“Ata-babalarımız balıqçılıqla məşğul olub. Kənddə çox adamın qayığı var. Orada işi olan digər insanlar da qayıqla gedib-gəlirlər. Çayın hər iki tərəfi meşəlikdir. Mən bu meşəlikdən keçərək işə gedirəm. Qayığı özüm düzəltmişəm. Suda qalıb çürüdüyü üçün hər 3 ildən bir onu təzələyirəm. Əsasən küləkli havalarda dalğa olduğu üçün təhlükəli olur. Bəzən gedəndə görürəm ki, külək qayığı aşırıb, içi su ilə dolub. Məktəbimiz beşgünlükdür və mən hər gün dərsə gedib-gəlirəm. Artıq öyrəşmişəm, mənim üçün qorxulu deyil”.

Mübariz müəllim daim öz üzərində çalışır, bilik və bacarıqlarını təkmilləşdirir. Deyir ki, şagirdlərə fənnini sevdirmək üçün daim yeniliklər axtarışındadır. O, ötən il müəllimlərin sertifikatlaşdırmasından da uğurla keçib. Lakin tədrislə bağlı çətinlikləri də var:

“Məktəbimizdə kompüter və printer olmadığı üçün müəyyən çətinlik yaşayırıq. Xüsusən summativləri hazırlamaq, çap etmək olmur. Bu baxımdan kömək olunsa, yaxşı olardı”.

Mütaliə Mübariz müəllimin həyatının ayrılmaz hissəsidir. Dünya klassiklərinin əsərləri, xüsusilə Lev Tolstoyun “Anna Karenina” romanı onun dünyagörüşünə, həyat fəlsəfəsinə təsir edib. Axı böyük ədəbiyyat insanı formalaşdırır, ona dərin duyğular, düşüncə genişliyi və həyat dərsləri bəxş edir.

Bir müəllimin həyat yolu heç vaxt asan olmur. Lakin bu yolun sonunda parlayan bir işıq – şagirdlərinin qazandığı bilik, onların gələcək uğurları var. Mübariz Rüstəmovun ömrü də bu işığa doğru gedən, Kür çayının o tayından bu tayına keçib maarifin çırağını yandıran bir müəllimin şərəfli yoludur.скачать dle 11.3