Rusiyada qalan azərbaycanlılar vətənə qayıtdı, karantinə yerləşdirildi - FOTO
Bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib.
Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, DSX rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.
Vətəndaşlar Azərbaycan və Rusiya dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.














