İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyni adlı sənəd, habelə Neapol şəhərinin Liveri bələdiyyəsi tərəfindən də qəbul edilib.
Bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.
Sənədlərdə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.
Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.
Sənədlərdə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.
Sənədlərdə aidiyyəti bələdiyyələrin daima beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistan Respublikasının təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.