GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Median.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından təbrik edirəm.
Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.
Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.
Biz bu Qələbəni həm də ədalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnanırıq ki, bu Qələbə nəticəsində əldə olunmuş müsbət irəliləyişlər sülh və etimad mühitinin formalaşdırılması prosesində yeni dinamika yaradacaq. Bu da öz növbəsində bölgədəki hərbi qarşıdurmaların həllinə töhfə verəcək.
Sizi xüsusilə strateji baxışınız və səbrinizə əsaslanan rəhbərliyiniz sayəsində xalqınızın iradəsini səfərbər və onun birliyini təmin etməklə qazandığınız bu tarixi Qələbə münasibətilə təbrik edirəm.
Biz dörd dost ölkə və strateji tərəfdaşlardan ibarət regional təşkilat kimi regionda sülhün, sabitliyin, davamlı inkişafın möhkəmləndirilməsi prosesini dəstəkləməyə və ona töhfə verməyə hazır olduğumuzu bildiririk.
Bu əlamətdar bayram münasibətilə Sizə ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında, habelə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında yeni-yeni uğurlar, daha böyük qələbələr arzulayırıq. Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyirik".