Sentyabrın 20-də Rusiyanın TNT telekanalında yayımlanacaq "Comedy Club" şousunun buraxılışı sonuncu olacaq.
Bu barədə "Qazprom-media Razvlekatelnoye Televideniye"nin ("Qazprom-media"nın alt holdinqi) mətbuat xidməti məlumat verib.
Bildirilib ki, proqramın kreativ prodüseri Qarik Xarlamov proqramın əvvəlində "Biz təsdiq edirik ki, "Comedy Club" bağlanır", - deyə bəyan edəcək.
Daha əvvəl TNT telekanalının direktoru Tina Kandelaki layihənin yenidən başladılacağına işarə etmişdi. Sentyabrın 3-də özünün "Telegram" kanalında dərc edilmiş videomüraciətdə o bildirmişdi ki, iyulun sonunda "Comedy Club"ın kreativ prodüseri təyin edilmiş Qarik Xarlamov səhnəyə, musiqiyə, məzmuna, köhnə və yeni rezidentlərə, yumorun özünə aid çoxlu sayda yeni ideya təklif edib.
"Biz bütün kanal, bütün komanda ilə düşündük, vəziyyəti qiymətləndirdik və mən yalnız bir şey deyə bilərəm: "Əlvida, "Comedy", - deyə Kandelaki yazmışdı.
Qeyd edək ki, sentyabrın 20-də yayımlanacaq buraxılışın elanı olan bilbordlarda da eyni ifadə - "Əlvida, "Comedy" yer alıb.