Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sabir Qədimovun (1999-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, ötən il mayın 31-də Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 15 ünvanında, qəsəbə sakini, Esmira Cəfərova (1963-cü il təv.) və onun qızı Aytən Cəfərova (2001-ci il təv.) odlu silahla güllələnib. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. E.Cəfərova sağ qalıb, onun sağ əlinin iki barmağı travmatik amputasiya edilib.
Cinayəti törədən Balaxanı qəsəbə sakini Sabir Qədimov Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübut hesab edilən ov tüfəngi
aşkar edilib.
Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bilib.
Zərərçəkmiş Esmira Cəfərova bildirib ki, qızı Aytən Sabirdən hamilə qalıb : " Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Sabirdən polisə şikayət etmədim. Onun ailə üzvləri evimizə gələndə, dedim ki, qızımı almalısınız. Sabirin anası, nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir edib. Daha sonra evlərinə gəlib, tüfənglə mənə və Aytənə atəşlər açıb. İstintaq zamanı
Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim".
Növbəti proses martın 29-na təyin edilib.